Azərbaycanda telekommunikasiya üzrə şikayətlərin yarısı internetlə bağlıdır

A- A A+

Bu ilin noyabr ayında "E-Şikayət" sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 50 %-i sabit internet xidmətlərini əhatə edib.

NUHÇIXAN bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

2023-cü ilin noyabrında qurumun yaratdığı "E-Şikayət" sisteminə ötən ay telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 484 şikayət daxil olub. Bu müraciətlərin 48,2 %-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 34,9 %-i mobil internet və rabitə xidmətləri, 16,9 %-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 16 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 54 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə noyabr ayı ərzində "E-Şikayət" sisteminə 402 müraciət daxil olub. Bu müraciətlərin 50 %-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 42,1 %, telefon rabitəsi üzrə isə 7,9 %-dir.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 24,9 %-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 8 %-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir.

Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (2,74 %), xidmətin dayandırılması (1,74 %) və infrastruktur ilə bağlı (1,24 %) əsas kateqoriyalara ayrılıb.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 1,24 %-lə tariflər, 0,5 %-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər və izahlı qaimələrin əldə edilməsi barədə qeydə alınıb.

Poçt rabitəsi xidmətləri üzrə noyabr ayı ərzində 82 müraciət daxil olub. Bu da sistemə daxil olan ümumi şikayətlərin 16,9 %-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 73,2 %-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 7,3 % müraciətlər müştəri xidmətləri, digər 19,5 % isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 68,30 %-i sürətli poçt xidmətləri, 31,70 %-i universal poçt xidmətləri barədə olub.

Müraciət edərkən ünvan olaraq vətəndaşların 55,17 %-i Bakını, 7,64 %-i Sumqayıtı, 7,02 %-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 80,8 %-də vətəndaşlar 10 bölgəni (Bakı, Sumqayıt, Abşeron – Xırdalan, Gəncə, Cəlilabad, Lənkəran, Göygöl, Masallı, Xaçmaz, Ağsu) ünvan olaraq qeyd ediblər.

Sistem üzərindən noyabr ayı üzrə 91,1 % kişi, 8,9 % qadın müraciət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: