Cari ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft boru kəməri ilə Türkiyə ərazisindən 189,1 milyon barel neft nəql olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti məlumat yayıb.
Bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 milyon barel azdır. Noyabr ayında isə BTC ilə 16,3 milyon barel xam neft dünya bazarlarına göndərilib.
Qeyd edək ki, 2006-cı ilin iyun ayından istismara verilən, uzunluğu 1768 kilometr və gündəlik ötürmə gücü hazırda 1,2 milyon barel olan BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq Günəşli”dən hasil edilən nefti və “Şahdəniz”dən çıxarılan kondensatı Azərbaycandan nəql edir.
Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunur.
İstismara verilən vaxtdan bu il sentyabrın sonunadək BTC ilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) neft nəql edilib və Ceyhan limanında 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
