Bu gün burada yad etdiyimiz hadisə təkcə bir aviasiya qəzası deyil. Bu, zamanında hansısa detalları gizlədilmiş, səbəbləri tam aydınlaşdırılmamış, lakin nəticələri ilə çoxsaylı insan talelərinə toxunmuş ciddi bir faciədir. Belə hadisələrin təhlili yalnız texniki deyil, eyni zamanda, institusional məsuliyyət tələb edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZAL-ın vitse-prezidenti İlham Əmirov Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasının təqdimatı zamanı deyib. “Beynəlxalq təcrübə göstərir ki, bu tip hadisələr üzrə istintaq prosesləri şəffaf aparılmalı, təhlükəsizlik standartları açıq şəkildə müzakirə olunmalı və müvafiq beynəlxalq qurumların tələblərinə uyğun şəkildə qiymətləndirilməlidir. Bu baxımdan, belə hadisələrin araşdırılması üçün müstəqil və səlahiyyətli komissiyaların fəaliyyəti vacibdir”.
Onun sözlərinə görə, qəzanın baş verdiyi ərazi və texniki detallar ətrafında səsləndirilən fərqli versiyalar onu göstərir ki, məsələyə yalnız bir istiqamətdən baxmaq mümkün deyil. Hadisənin bütün aspektləri - texniki, insan faktoru və sistem səviyyəsində risklər kompleks şəkildə dəyərləndirilməlidir. Eyni anda bir neçə əsas sistemin sıradan çıxması təsadüf kimi qiymətləndirilə bilməz və bu, əlavə izah tələb edən məqamdır.
“Bu cür hadisələr bizə bir daha xatırladır ki, aviasiya sahəsində təhlükəsizlik daim yenilənən yanaşma, ciddi nəzarət mexanizmləri və davamlı təhlil tələb edir. İkinci nəsil təhlükəsizlik sistemlərinin tətbiqi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və məlumatların gizlədilmədən paylaşılması gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından həlledici rol oynayır”, - deyə İlham Əmirov əlavə edib.
AZAL rəsmisi qeyd edib ki, bu gün dövriyyəyə buraxılan poçt markası isə həmin hadisənin unudulmaması, xatirəsinin yaşadılması və beynəlxalq ictimaiyyətə düzgün mesajın ötürülməsi baxımından mühüm mənəvi əhəmiyyət daşıyır. “AZAL və “Azərpoçt”un birgə təşəbbüsü ilə reallaşan bu addım həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yaddaş və məsuliyyət çağırışıdır. O deyib: “Faciə zamanı həyatını itirən insanların xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə başsağlığı veririk. Bu, bizim üçün sadəcə simvolik jest deyil, insani və peşəkar borcdur”.
