Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib

A- A A+

Humanitar mübadilələr Çin ilə Azərbaycan arasında ənənəvi dostluğun möhkəmlənməsində əsas rol oynayaraq ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün möhkəm zəmin yaradır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey ötən il Çin-Azərbaycan münasibətlərinin inkişafının yekunlarına həsr olunmuş brifinq zamanı bildirib.

Diplomatın sözlərinə görə, davamlı dövlətlərarası münasibətlərin əsası xalqlar arasında yaxınlıqdır, bu yaxınlığın bünövrəsi isə qarşılıqlı anlaşmadır. Ötən il ərzində Çin ilə Azərbaycan arasında mədəniyyət, təhsil, turizm və digər sahələrdə mübadilələr fəal və səmərəli xarakter daşıyıb.

Lu Mey xatırladıb ki, bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki dövlət başçısının iştirakı ilə ÇXR və Azərbaycan Respublikası hökumətləri arasında ümumvətəndaş pasportu olan vətəndaşlar üçün qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb. Vizasız rejimin tətbiqi nəticəsində iki ölkə arasında turizm mübadilələrində davamlı artım müşahidə olunur.

Bu ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycanı 57 mindən çox turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 50% çoxdur. Səfirin sözlərinə görə, bu, iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsi və təmasların genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Azərbaycanda, xüsusilə gənclər arasında Çin dili və mədəniyyətinə marağın durmadan artması qeyd edilib. Getdikcə daha çox Azərbaycan Universiteti Çin dili kurslarını öz təhsil proqramlarına daxil edir. Qarşılıqlı səfərlərdə və mübadilələrdə iki ölkənin universitetləri, analitik mərkəzləri, media və mədəniyyət təşkilatları fəal iştirak edir, regional əməkdaşlıq və ictimai dialoq platformaları genişlənməyə davam edir.

Çıxışda gənclər əməkdaşlığının əhəmiyyətinə xüsusi diqqət yetirilib. Lu Mey gənclərin dövlətin iqtisadi və sosial inkişafının əsas hərəkətverici qüvvəsi və gələcəyinin ən vacib resursu olduğunu vurğulayıb. O qeyd edib ki, Çin gəncləri ölkənin innovativ inkişafında fəal iştirak edir və süni intellekt, bərpaolunan enerji və robototexnika kimi sahələrdə aparıcı rol oynayır. Səfirin sözlərnə görə, gənclər həm də Çin-Azərbaycan münasibətlərinin gələcəyidir. Çin tərəfi dostluq və qarşılıqlı etimadın nəsildən-nəslə ötürülməsinə töhfə verərək iki ölkənin gəncləri arasında mübadilələri bundan sonra da gücləndirməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: