İqtisadiyyat Nazirliyinin nümayəndələri Ordubad şəhər tam orta internat məktəbini ziyarət edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və "Ləzzət Qida Sənaye" MMC-nin birgə təşkilatçılığı ilə Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində görüş keçirilib.
Görüşün təşkilində məqsəd uşaqlara mənəvi dəstək olmaq, bayram əhval-ruhiyyəsini artırmaq və onların təhsilə marağını stimullaşdırmaqdır.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, İqtisadiyyat Nazirliyi sosial məsuliyyət prinsipləri çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət yetirir və sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. Görüş zamanı uşaqları qarşıdan gələn bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edən nazir onlara təhsillərində yüksək nailiyyətlər, gələcək həyatlarında isə uğurlar arzulayıb.
“Ləzzət Qida Sənaye” MMC-nin sahibkarı Teymur Rzayev uşaqları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara qayğının xüsusi diqqətdə saxlanıldığını bildirib.
Məktəb rəhbərliyi göstərilən diqqət və qayğıya görə nazirliyə və tədbirin təşkilində iştirak edən "Ləzzət Qida Sənaye" MMC-yə minnətdarlığını bildirib.
Ziyarət zamanı çay süfrəsi təşkil edilib, şagirdlərə hədiyyələr təqdim olunub, onlarla birlikdə xoş bayram əhval-ruhiyyəsi yaradılıb.