Qarabağda fəaliyyət göstərən sahibkarların 43 layihəsinə kredit ayrılıb

A- A A+

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası, sahibkarlığın inkişafı və investisiya mühitinin yaxşılaşması dövlət siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) bölgədə fəaliyyət göstərən sahibkarları maliyyə alətləri və güzəştli maliyyə mexanizmləri ilə dəstəkləyir.

İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu bölgələrdə investisiya layihələri həyata keçirən sahibkarlar zəmanət-subsidiya mexanizmi ilə dəstəklənirlər. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin məbləğinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək olmaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Bu ilin dekabr ayınadək 43 layihə üzrə sahibkarların banklardan əldə etdiyi 55,9 milyon manat kreditə 47,8 milyon manat həcmində zəmanət verilib. Eyni zamanda, bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu mexanizmdən yararlanmış sahibkarlıq subyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimi sahələrdə fəaliyyət göstərərək, həmin ərazilərdə iqtisadiyyatın canlanmasına töhfə verirlər.

Bu mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi fəaliyyət göstərir. Sahibkarlar kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilir. Fond tərəfindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara bu ilin dekabrınadək ümumilikdə 45,6 milyon manat güzəştli kredit verilib. Təqdim edilən maliyyə alətləri bu ərazilərdə yeni təsərrüfat subyektlərinin yaranmasına şərait yaradır və mövcud bizneslərin genişlənməsi üçün əlverişli imkanlar təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: