Naxçıvan blokadadan strateji mərkəzə: Prezidentin mesajları regional strategiyanın mərkəzini göstərdi

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası artıq yalnız coğrafi baxımdan deyil, geosiyasi, nəqliyyat və iqtisadi mənafe baxımından regionun əsas düyün nöqtəsinə çevrilməkdədir. 

Dövlət başçısının Zəngəzur dəhlizi, Araz dəhlizi, Naxçıvanın Baş Planı və regional inteqrasiya ilə bağlı açıqlamaları bu bölgənin yaxın illərdə Azərbaycan üçün hansı strateji rol oynayacağını aydın şəkildə ortaya qoyur.

Zəngəzur dəhlizi: Naxçıvanın tarixi izolyasiyasına son

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin reallaşması artıq siyasi mübahisə mövzusu deyil, həll olunmuş məsələ kimi qəbul edilməlidir.

Azərbaycan bu layihəyə 2021-ci ildən etibarən real icra mərhələsində başlayıb. Bu fakt bir daha sübut edir ki, Bakı Zəngəzur dəhlizinə taktiki yox, strateji və uzunmüddətli dövlət layihəsi kimi yanaşıb.

Bu dəhliz ilk növbədə Naxçıvanın 30 ildən artıq davam edən blokada vəziyyətini tam aradan qaldıracaq. Ermənistan üzərindən çəkiləcək 42 kilometrlik hissə tamamlandıqdan sonra Naxçıvan birbaşa Azərbaycanın əsas hissəsi ilə dəmir yolu və avtomobil yolu vasitəsilə birləşəcək. Bu isə təkcə nəqliyyat məsələsi deyil - bu, siyasi suverenliyin, iqtisadi təhlükəsizliyin və milli birliyin infrastruktura çevrilməsi deməkdir.

Naxçıvan Şərq-Qərb və Şimal-Cənub marşrutlarının qovşağında

Prezidentin xüsusi vurğuladığı məqamlardan biri də Zəngəzur dəhlizinin yalnız regional deyil, qlobal logistik əhəmiyyətidir. 15 milyon ton yükötürmə qabiliyyəti nəzərdə tutulan bu marşrut Şərq-Qərb Orta Dəhlizinin ikinci qolu, Şimal-Cənub nəqliyyat dəhlizinin alternativ xətti və Rusiya-İran-Fars körfəzi bağlantısının bərpa edilmiş sovet dövrü marşrutu
kimi çıxış edəcək.

Bu kontekstdə Naxçıvan sadəcə keçid məntəqəsi yox, yüklərin toplandığı, yönləndirildiyi və paylandığı əsas logistik mərkəzə çevrilir. Yüklər Azərbaycanda cəmləşəcək və müxtəlif istiqamətlərə buradan daşınacaq. Bu isə ölkəmizin regional nəqliyyat xəritəsində rolunu kəskin şəkildə gücləndirir.

Araz dəhlizi: Naxçıvan üçün ikinci nəfəs

Prezident İlham Əliyevin açıqladığı digər mühüm məqam Araz çayı üzərindən inşa edilən körpü və İran üzərindən alternativ yol layihəsidir. Bu təşəbbüs göstərir ki, Azərbaycan Naxçıvanın bağlantı təhlükəsizliyini tək bir marşruta bağlamır.

Araz dəhlizi sayəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında məsafə kəskin azalacaq, İran üzərindən 45-50 kilometrlik qısa və təhlükəsiz yol formalaşacaq və Ermənistan faktorundan asılılıq minimuma endiriləcək. Beləliklə, Naxçıvan həm Qərb (Türkiyə–Avropa), həm də Cənub (İran–Fars körfəzi–Yaxın Şərq) istiqamətlərində paralel çıxış imkanları əldə edəcək.

Qars-Naxçıvan dəmir yolu: Türk dünyasına birbaşa bağlantı

Türkiyənin Qars-Naxçıvan dəmir yolu ilə bağlı qərarı Naxçıvanın geosiyasi rolunu daha da artırır. Bu xəttin reallaşması ilə Naxçıvan Türkiyənin dəmir yolu şəbəkəsinə birbaşa qoşulacaq, Türk dünyasının nəqliyyat xəritəsində strateji halqaya çevriləcək. Azərbaycanın Türkiyə ilə əlaqələri yalnız enerji və diplomatiya deyil, tam miqyaslı logistik inteqrasiya səviyyəsinə yüksələcək.

Naxçıvanın baş planı: İnkişafın yeni mərhələsi

Prezidentin müsahibəsində Naxçıvanın Baş Planının hazırlandığını bildirməsi bu bölgəyə yanaşmanın epizodik yox, sistemli və uzunmüddətli olduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ilə paralel şəkildə Naxçıvanda yaşıl enerji layihələri, kənd təsərrüfatı və iri suvarma sistemləri, turizm infrastrukturu və şəhərsalma və regional planlaşdırma
icra ediləcək. Bu yanaşma faktiki olaraq Naxçıvan–Şərqi Zəngəzur–Qarabağ üçbucağını vahid iqtisadi və sosial məkan kimi formalaşdırır.

Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut etdi ki, Naxçıvan artıq periferik bölgə yox, Azərbaycanın regional strategiyasının mərkəzində dayanan əsas dayaqlardan biridir. Zəngəzur və Araz dəhlizləri, Türkiyə bağlantısı, qlobal nəqliyyat marşrutları və Baş Plan çərçivəsində həyata keçirilən layihələr Naxçıvanı XXI əsrin yeni geosiyasi və iqtisadi xəritəsində strateji mərkəzə çevirir.

Bu proseslər göstərir ki, Naxçıvanın taleyi artıq blokada və təcrid anlayışları ilə yox, inteqrasiya və inkişaf anlayışları ilə ifadə olunur.

Mətin Kamal
iqtisadçı-jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: