Qlobal maliyyə bazarlarında qiymətli metallar 2026-cı ilə nəzərəçarpacaq artımlarla başlayıb. Gümüş 3,6 faiz bahalaşaraq tarixdə ilk dəfə bir troya unsiya üçün 90 dollar həddini keçib.
NUHÇIXAN xəbər verir ki, gümüşün dəyəri ilin ilk iki həftəsində 25 faiz artıb. Metalın qlobal bazar dəyəri də tarixdə ilk dəfə 5 trilyon dolları ötüb.
Qızıl isə Asiya bazarlarında 0,7 faiz bahalaşaraq 4 min 620 dollar səviyyəsini keçib və rekord göstəricidən cəmi 15 dollar geri qalır. Mis, platin və palladium qiymətlərində də artım qeydə alınıb.
ABŞ-da açıqlanan və gözləntilərdən aşağı olan inflyasiya göstəriciləri 2026-cı ildə faiz dərəcələrinin daha da azaldılması ehtimalını gücləndirib, geosiyasi gərginliyin artması isə “təhlükəsiz liman” aktivlərinə tələbatı artırıb. ABŞ Prezidenti Donald Trampın Venesuelada hərbi əməliyyatların aparılması barədə göstəriş verməsi, Qrenlandiya ilə bağlı yenidən gündəmə gətirdiyi tələblər, eləcə də İranda baş verən şiddətli etirazların rejim dəyişikliyinə səbəb ola bilmə ehtimalı təhlükəsiz aktivlərə marağı artırıb.
Analitiklər tələbatı nəzərə alaraq növbəti üç ay üçün qızıl üzrə proqnozu 5000 dollar, gümüş üzrə proqnozu isə 100 dollar səviyyəsinə yüksəldiblər.
Gümüş ötən il təxminən 150 faizə yaxın bahalaşaraq artım tempinə görə qızılı geridə qoyub. ABŞ-ın gümüş idxalına rüsum tətbiq etmək ehtimalı var ki, bu da qiymətlərə və qlobal təklifə təsir göstərə bilər.
Xatırladaq ki, 2018-ci ildə polad və alüminiuma tətbiq edilən əlavə rüsumlar dünya miqyasında ticarət gərginliklərinə yol açmışdı.
