İqtisadiyyat Nazirliyinin 195-1 “Çağrı Mərkəzi”nə 2025-ci il ərzində 524 min 643 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 583 min 960 müraciət olub.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 “Çağrı Mərkəzi”nə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür. Göstərilən xidmətlər ödənişsizdir. 195-1 “Çağrı Mərkəzi” canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir.
