Azərbaycanın geniştərkibli nümayəndə heyəti tikinti sektorunda işgüzar əlaqələri gücləndirmək məqsədilə 19-22 yanvar tarixlərində Rusiya Federasiyasının Dağıstan Respublikasına işgüzar səfərə gələcək.
NUHÇIXAN “RİA Daqestan” agentliyinə istinadla xəbər verir ki, səfər Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin təşəbbüsü ilə təşkil olunub və nümayəndə heyətinə Azərbaycan Respublikası Tikinti Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri daxildir. Proqrama regionun ən böyük istehsal sahələrinə, o cümlədən boru, çini plitələr, şüşə və digər tikinti materialları istehsal edən fabriklərə, eləcə də yüngül sənaye müəssisələrinə səfərlər daxildir.
Səfərin əsas tədbirlərindən biri “Şimali Qafqaz Federal Dairəsinin İnşaatçılar Gildiyası” özünütənzimləmə təşkilatı ilə Azərbaycan Respublikası Tikinti Materialları İstehsalçıları Assosiasiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanması olacaq.
Dağıstan rəhbərinin ictimai əsaslarla müşaviri və İxraca Dəstək Mərkəzinin direktoru Ruslan Abasquliyevin qeyd etdiyi kimi, hazırda bu respublika Azərbaycanın sürətlə inkişaf edən tikinti sektoru üçün tikinti materialları ixracının inkişafında əsas rol oynayır. Onun sözlərinə görə, analoji görüşlər əvvəllər də keçirilib və tərəfdaşlıq üçün möhkəm təməl yaranıb, hazırkı səfər isə sistemli əməkdaşlığa keçid və konkret müqavilələrin bağlanması ilə əlamətdar olacaq.
