Uzunmüddətli izoliyasiyadan beynəlxalq nəqliyyat qovşağına

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşü sıradan protokol xarakterli görüş deyil. Bu təmas, ilk baxışdan texniki-maliyyə əməkdaşlığı çərçivəsində baş tutsa da, mahiyyət etibarilə Azərbaycanın növbəti mərhələ inkişaf gündəliyini, xüsusilə də Naxçıvan Muxtar Respublikasının regional və qlobal iqtisadi xəritədə yenidən mövqeləndirilməsi strategiyasını açıq şəkildə ortaya qoyur.

Görüş zamanı su təsərrüfatı, bərpaolunan enerji, tullantıların idarə edilməsi kimi sahələrdə əməkdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət daşısa da, müzakirələrin Naxçıvanın nəqliyyat sisteminin yenilənməsi üzərində fokuslanması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin son illərdə ardıcıl şəkildə formalaşdırdığı Naxçıvan konsepsiyasının Davos kimi qlobal platformada maliyyə institutları ilə konkret müstəviyə keçirildiyini göstərir.

Naxçıvan Muxtar Respublikası onilliklər ərzində mürəkkəb geosiyasi şərtlər səbəbindən faktiki nəqliyyat blokadası şəraitində fəaliyyət göstərib. Bu reallıq muxtar respublikanın iqtisadi potensialını məhdudlaşdırıb, logistika xərclərini artırıb, sənaye və ixrac imkanlarını daraldıb. Lakin 2020-ci ildən sonra regionda yaranmış yeni siyasi-hərbi reallıq Naxçıvan üçün tamamilə fərqli perspektivlər açıb.

Prezident İlham Əliyevin Davosda AYİB rəhbərliyi ilə müzakirə etdiyi Naxçıvanın nəqliyyat sisteminin yenilənməsi məsələsi təkcə daxili infrastrukturun yaxşılaşdırılması anlamına gəlmir. Bu, Naxçıvanın Cənubi Qafqazda yeni nəqliyyat arxitekturasının əsas elementlərindən birinə çevrilməsi hədəfinin maliyyə təminatı mərhələsidir.

AYİB kimi beynəlxalq maliyyə institutlarının bu prosesə cəlb olunması onu göstərir ki, Azərbaycan Naxçıvan layihəsini yalnız siyasi bəyanatlar səviyyəsində deyil, beynəlxalq maliyyə standartlarına uyğun, uzunmüddətli və dayanıqlı layihə kimi təqdim edir.

Zəngəzur dəhlizi kontekstində Naxçıvanın yeni funksiyası

Naxçıvanla bağlı istənilən nəqliyyat layihəsi avtomatik olaraq Zəngəzur dəhlizi məsələsi ilə kəsişir. Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda Avropa-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya xəttində strateji kommunikasiya arteriyasıdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan Zəngəzur dəhlizi məsələsində tələsmir, alternativlərə malikdir. Məhz bu alternativlərin reallaşdırılması istiqamətində Naxçıvanın nəqliyyat infrastrukturunun yenilənməsi xüsusi önəm daşıyır. Çünki müasir yol, dəmir yolu, logistika və tranzit imkanları olmadan Zəngəzur dəhlizi sadəcə siyasi termin olaraq qalardı.

AYİB-lə müzakirələr göstərir ki, Azərbaycan dəhlizin açılacağı günü gözləyən yox, o günə hazır olan dövlət mövqeyindədir. Naxçıvanda nəqliyyat sisteminə qoyulan investisiyalar Zəngəzur dəhlizi reallaşdığı anda bu bölgənin dərhal tranzit və logistik mərkəz kimi fəaliyyətə başlamasına imkan verəcək.

Davosda AYİB prezidenti ilə aparılan müzakirələr eyni zamanda Azərbaycanın beynəlxalq maliyyə institutları ilə münasibətlərində yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. Əgər əvvəlki dövrlərdə bu qurumlar daha çox sosial və kommunal layihələrə fokuslanırdısa, hazırda strateji nəqliyyat və enerji layihələrinin maliyyələşdirilməsi gündəmdədir.

Bu isə birbaşa siyasi etimad göstəricisidir. Beynəlxalq banklar yalnız iqtisadi cəhətdən səmərəli deyil, eyni zamanda siyasi və təhlükəsizlik baxımından riskləri minimum olan layihələrə investisiya yatırırlar. Naxçıvanın nəqliyyat sisteminə dair layihələrin müzakirə predmeti olması regionun artıq risk zonasından stabil inkişaf zonasına keçdiyini təsdiqləyir.

Bu kontekstdə Zəngəzur dəhlizi də yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, Avropa ilə Asiyanı birləşdirən qlobal nəqliyyat xətti kimi dəyərləndirilir.

Prezident cənab İlham Əliyev Davosda bildirib: "Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir."

AYİB kimi qurumların bu prosesdə maraqlı tərəf kimi çıxış etməsi, dolayısı ilə dəhlizin beynəlxalq legitimliyini gücləndirir.

Naxçıvan üçün iqtisadi qapı

Nəqliyyat sisteminin yenilənməsi Naxçıvan üçün təkcə yol və rels demək deyil. Bu proses: sənaye zonalarının formalaşmasını,kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsini,

turizm axınının artmasını, bərpaolunan enerji layihələrinin şəbəkəyə inteqrasiyasını şərtləndirir.

AYİB-lə bərpaolunan enerji və tullantıların idarə edilməsi sahəsində aparılan müzakirələrin Naxçıvan nəqliyyatı ilə paralel getməsi təsadüfi deyil. Bu, muxtar respublikanın “yaşıl tranzit” və “dayanıqlı logistika” modeli üzrə inkişaf etdirilməsi niyyətindən xəbər verir.

Zəngəzur dəhlizi açıldığı təqdirdə isə Naxçıvan təkcə Azərbaycan üçün deyil, bütün region üçün iqtisadi ötürücü rolunu oynaya bilər.

Bu gün Naxçıvan üçün müzakirə olunan nəqliyyat layihələri sabah Zəngəzur dəhlizinin real funksional mexanizminə çevrilə bilər. Azərbaycanın fərqi ondadır ki, o, dəhlizi gözləyən tərəf deyil, dəhlizi formalaşdıran tərəfdir.

Davos görüşü isə bu prosesin beynəlxalq maliyyə və siyasi dəstək baxımından artıq qlobal səviyyəyə çıxdığını açıq şəkildə nümayiş etdirir.

 

 

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: