Naxçıvanın 2025-ci il üzrə sosial-iqtisadi inkişafına dair göstəriciləri açıqlanıb - FOTOLAR
2025-ci ilin yekunlarına dair sosial-iqtisadi göstəricilər Azərbaycan Respublikasının Prezidenti cınab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin, ölkədə ardıcıl şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların, regional inkişafın gücləndirilməsinə və investisiya mühitinin yaxşılaşdırılmasına yönəlmiş sistemli tədbirlərin Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın davamlı artımını təmin etdiyini nümayiş etdirir. Qeyd olunan dövrdə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi, büdcə və vergi daxilolmaları, ticarət və xidmətlər sektoru, sənaye, nəqliyyat, xarici ticarət, investisiya qoyuluşları, həmçinin sosial təminat və məşğulluq sahələri üzrə müsbət dinamika müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə hesabat dövründə Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 1 709,4 milyon manat olmuşdur. ÜDM həcmi 2024-cü illə müqayisədə real ifadədə 3,8% artmışdır. Daxili bazarda pərakəndə ticarət dövriyyəsi 4,0% artaraq 1 366,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3% artaraq 198,5 milyon manat olmuşdur.
2025-ci ildə sənaye məhsulu istehsalı 7,2% artaraq 474,2 milyon manat olmuşdur. Həmçinin xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil etmişdir. Ötən illə müqayisədə xarici ticarət dövriyyəsi ümumilikdə 3,7%, o cümlədən idxal 1,4%, ixrac isə 28,4% artmışdır.
Eyni zamanda 2025-ci ildə əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib ki, bu da 2024-cü illə müqayisədə 45,2% artım deməkdir. Vəsaitin 40,5%-i məhsul istehsalı sahələrinə, 30,9%-i xidmət sahələrinə, 28,6%-i yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Büdcə gəlirləri 290,65 milyon manat olmaqla 2024-cü illə müqayisədə 11,3% artıb. Daxilolmalarda vergi orqanları üzrə 260,4 milyon manat, gömrük orqanları üzrə 18,3 milyon manat, büdcə təşkillatlarının ödənişli xidmətləri üzrə 2,5 milyon manat, digər daxilolmalar üzrə isə 9,45 milyon manat qeydə alınmışdır.
Muxtar respblikada inkişaf prioritetlərinə uyğun olaraq infrastrukturun yenilənməsi, sahibkarlığın təşviqi, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər iqtisadi fəallığın genişlənməsinə mühüm töhfə verib.