Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir

A- A A+

Niderland TTF habının məlumatına görə ötən həftə ilə müqayisədə təbii qazın qiyməti ucuzlaşaraq 1000 kubmetrinin qiyməti 500 dollardan 495 dollara düşüb. Avropanın qaz anbarlarında saxlanılan qazın həcminin azalmasına baxmayaraq, havaların nisbətən sabitləşməsi qiymətin enməsinə səbəb olub. Lakin sinoptiklər fevralın ilk dekadasında qitənin soyuq siklon bürüyəcəyi və havanın temperaturunun aşağı düşəcəyi barədə proqnoz veriblər ki, bu da həm təbii, həm də sıxılmış qazın qiymətinin artmasına səbəb olacaq.

NUHÇIXAN xəbər verir ki, Avropada qazın qiymətinin ən bahalı dövrü 2023-2024-cü illərdə olub.

Rusiya qazından imtina edən Avropa dövlətləri 1000 kubmetr qaza 700 dollar ödəmək məcburiyyətində qaldılar. Lakin ABŞ-dan sıxılmış qaz idxalı qiymətə təsirini göstərdi. Elə həmin illərdən dünya bazarında təbii qazın qiymətinin yüksəlməsi tendensiyası başladı. 2025-ci illə müqayisədə cari ilin ilk ayında qazın qiymətində 5 faiz artım müşahidə edilib.

“İnterfaks” agentliyi bildirir ki, bahalaşmaya səbəb Avropa dövlətlərinin Ukraynanın bir sıra rayonlarına qaz ixrac etməsi ilə əlaqədardır. Rusiyanın təbii qazından imtina edən Avropa dövlətləri onu sıxılmış qaz ilə əvəz etməyə çalışırlar. 2025-ci ildə Avropa dövlətləri 109 milyon ton (142 milyard kubmetr) sıxılmış qaz alıblar ki, bu da 2024-cü illə müqayisədə 28 faiz çoxdur. Cari ilin təkcə yanvar ayında (yanvar hələ başa çatmayıb) Avropa ölkələri 10 milyon ton sıxılmış qaz idxal edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 24 faiz çoxdur. Göründüyü kimi Avropanın tələbatı ildən-ilə artır. Sinoptiklər fevral ayında havanın temperaturunun 4 dərəcə düşəcəyini proqnozlaşdırıblar. Qaz anbarlarında həcmin getdikcə azalması və qiymətlərin yüksəlməsi riskini nəzərə alsaq havanın temperaturunun düşməsi çox ciddi xəbərdarlıqdır.

“Bloomerg” məlumatına əsasən, ABŞ-da da havalar qeyri-sabit keçir və ötən gün qarla müşahidə olunan tufan Arizona, Virciniya, Kaliforniya ştatlarında ağır fəsadlar törədib və bununla əlaqədar olaraq Nyu-York birjasında sıxılmış qazın qiyməti 6 faiz artıb. Nəzərə alsaq ki, Avropa sıxılmış qazı daha çox ABŞ-dan alır onda ehtimal etmək olar ki, Niderland TTF habında qazın qiyməti yenidən artacaq. Avropanın enerji təminatının zəifliyi onu öz prinsiplərindən geri çəkilməyə vadar edir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq ötən il Avropa “Qazprom”dan 18,1 milyard kubmetr təbii qaz alıb. Bu ilin yanvar ayından başlayaraq Avropa İttifaqı ölkələri Rusiya qazından tamamilə imtina etməyi qərara alıblar. Bu qərara nə qədər əməl olunacağını zaman göstərəcək. Hələlik isə Avropa qaz idxalını şaxələndirməkdə davam edir.

2025-ci ilin ilk on bir ayında Azərbaycanın Avropaya təbii qaz ixracı 11,58 milyard kubmetr təşkil edib. Aparılan danışıqlara əsasən, Azərbaycanın da 2026-cı ildə Avropaya təxminən 14 milyard kubmetr qaz ixrac edəcəyi gözlənilir. Nəzərə almaq lazımdır ki, İran ətrafında cərəyan edən hadisələr də bazarda riskləri artırır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa Qətərdən da sıxılmış qaz idxal edir. Hərbi əməliyyatlar başlasa sıxılmış və maye qaz daşıyan gəmilərin körfəzdəki hərəkətləri məhdudlaşacaq ki, bu da öz növbəsində qiymət artımına gətirib çıxaracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: