ABŞ Prezidenti Donald Trampın “Amerikanın Hərbi Dəniz Qüvvələri Venesuelada olduğu kimi hər an İran ilə münasibətləri aydınlaşdırmağa hazırdır” - bəyanatından sonra dünya birjalarında neftin qiyməti kəskin artıb.
NUHÇIXAN xəbər verir ki, yanvarın 28-də D.Trampın verdiyi bəyanatın əks sədası bu gün birjalardan gələrək neft üçün aprel fyuçerlərində (sifarişlərində) özünü göstərdi.
Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 69,23 dollara yüksəldi. Halbuki, yanvarın 28-dən 67,12 dollara satılırdı. WTI markalı neftin bir barelinin qiyməti isə 64,05 dollara kimi artdı. “Brent” 1, WTI markalı neftin qiyməti isə +0,71 faiz yüksəlib.
“Forbes” yazır ki, bazar Yaxın Şərqdə cərəyan edən prosesləri diqqətlə izləyir. Lakin qiymətlərin yüksəlməsinə D.Trampın bəyanatı ilə yanaşı ABŞ neft ehtiyatlarının azalması da təsir göstərib. Jurnal ABŞ Maliyyə Nazirliyinə istinadla bildirib ki, sərt qış və həddindən artıq qar yağması hasilatı 0,25 milyon barelə kimi azaldıb. Meksika körfəzindəki buruqlar hava şəraiti ilə əlaqədar olaraq işlərini tamamilə dayandırıblar. Buradan terminallara xam neftin nəqli 0-a enib. Şimali Dakota və Texas ştatlarındakı buruqlara isə fırtına böyük zərər vurub.
Birja analitikləri hesab edirlər ki, hava şəraiti belə davam etsə qiymətlər də artmaqda davam edəcək. Qeyd etmək lazımdır ki, neftlə yanaşı, mazut və qaza da tələbat artıb. Qar “məngənə”sinə düşən ştatlarda 750 mindən çox insan elektrik enerjisindən məhrum olub. Bununla yanaşı, Prezident D. Trampın Federal Rezerv Sisteminin müstəqilliyini tənqid edərək onun dövlətə tabe olmasının zəruriliyi haqqında söylədiyi fikirdən sonra dolların da digər valyutalara nisbətən dəyəri düşüb. Dünya bazarında neft dollarla satıldığına görə qiymətə təsir göstərib.
Ayova ştatına səfəri zamanı dolların dəyərdən düşməsinə münasibət bildirən ABŞ Prezidentinin, “Əladır, Amerika biznesi üçün yaxşı imkanlar yaranır” - deməsi dolların daha 1,2 faiz ucuzlaşmasına səbəb oldu. Əgər “Brent” və WTI markalı neftin qiyməti İran ətrafında cərəyan edən hərbi-siyasi hadisələrlə əlaqəlidirsə, “Light” və digər markaların qiymətinin artması dolların ucuzlaşması ilə əlaqədardır.
“Bloomberg” yazır ki, ABŞ təzyiqi nəticəsində Hindistanın neftayırma zavodları Rusiyadan neft almağı minimum həddə endiriblər. Hazırda 60 milyon barel Rusiya nefti ilə dolu tankerlər açıq dənizdə qalıb. Hindistan zavodları nefti qəbul eləmir. Məcburiyyət qarşısında qalan Rusiya şirkətləri danışıqlar apararaq neftin bir hissəsini İndoneziyanın anbarlarına boşaldıblar. Rusiya şirkətləri Cənub-Şərqi Asiya ölkələrində müştəri axtarırlar. Ümumilikdə isə açıq dənizdəki tankerlərdə Rusiyaya məxsus 145 milyon barel neft var. Sanksiyalar Rusiyaya nefti satmaq imkanı vermir və faktiki olaraq bu gün Rusiya dünya bazarından sıxışdırılaraq çıxarılıb ki, bu da bazar prinsipinə uyğun olaraq təklifin azalmasına qiymətlərin isə yüksəlməsinə səbəb olub.
İqtisadçı analitiklər hesab edirlər ki, hazırda dünya bazarı ABŞ-ın proqnozlaşdırılması mümkün olmayan xarici siyasət kursunun “əsrinə çevrilib”.
