Naxçıvanda 2025-ci ildə göstərilən elektron xidmətlərdən daxil olan müraciətlərin sayı 2024-cü illə müqayisədə 14,2 faiz artaraq 7410-a çatıb.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev mətbuat konfransında bildirib.
Qeyd olunub ki, daşınmaz əmlakın dövlət qeydiyyatı, inventarlaşdırılması və ünvan reyestrinin aparılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. 2025-ci ildə 10601 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Qeydiyyata alınmış əmlaklar üzrə torpaq sahələrinin sayı 4664, fərdi yaşayış və bağ evlərinin sayı 4003, mənzil 1423, qeyri-yaşayış binası və sahəsi 470, əmlak kompleksi kimi müəssisə sayı 41 olub.
Kazım Hüseynəliyev bildirib ki, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,4 milyon manatdan çox xidmət haqqı və 1,1 milyon manata yaxın dövlət rüsumu daxil olub.
Hesabat dövründə 531 yerquruluşu planı hazırlanıb, 111 xəritə və plan tərtib edilib, 81 hərrac keçirilib, keçirilmiş hərraclardan və müsabiqədən 21,6 min manat xidmət haqqı daxil olub.
