İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

A- A A+

2026-cı il yanvarın 1-nə olan məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 684 milyon manat, 2025-ci ildə isə 147 milyon manat məbləğində kredit verilib.

İKZF-dan NUHÇIXAN-a bildirilib ki, mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, 2025-ci ildə istiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilib. Sahibkarların manatla əldə etdikləri kreditlər üzrə portfel zəmanət mexanizmi çərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə 4 milyon manat həcmində zəmanət verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: