Venesuelada neft hasilatı və ixracı ABŞ qanunlarına uyğun həyata keçiriləcək

A- A A+

ABŞ Venesuelada neft hasilatına başlamaq üçün bəzi şirkətlərə lisenziya verməyə hazırlaşır.

NUHÇIXAN “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi gələn həftə Venesuelada neft hasilatına başlayacaq şirkətlərin adlarını açıqlayacaq və onlara verilən lisenziyanı nümayiş etdirəcək.

Venesuelaya tətbiq olunan sanksiyalar da tədricən aradan qaldırılır. Bolivar Respublikasının neft istehsalına da tətbiq olunan qadağa aradan qaldırılıb. Bunu ona görə edirlər ki, şirkətlər sərmayə yatıraraq neft hasilatını və istehsalını artırsınlar. Venesuelanın PDVSA neft şirkəti ilə əməkdaşlığa da icazə verilib. Lakin bu icazə o şərtlə verilib ki, Venesuelada neft hasilatı, istehsalı, ixracı, nəqli və digər məsələlər yalnız ABŞ qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. Mübahisəli məsələlər də yalnız ABŞ məhkəmələrində öz həllini tapa bilər.

Venesuela dünyada ən çox neft ehtiyatına malik olan ölkələrdən biridir. OPEC-in məlumatına görə 2025-ci ildə Venesuelanın sübut olunmuş neft ehtiyatlarının həcmi 303,2 milyard bareldir. 2000-ci ilə kimi Venesuela dünya bazarına sutkada 3 milyon barel neft ixrac edirdi. Lakin Uqo Çavesin xarici neft şirkətlərini ölkədən qovmasından sonra ABŞ iqtisadi qadağalar tətbiq etdi və ixrac 3 milyondan 800 barelə endi.

Donald Tramp birinci dəfə prezident seçildikdən sonra Venesuela və İrana qarşı tətbiq olunan sanksiyalar daha da sərtləşdi ki, bu da dünya bazarında neftin qiymətinin sabit qalmasına imkan verdi.

D.Trampın ikinci dəfə prezident seçilməsindən sonra Prezident N.Maduro həbs olundu və Venesuelanın dünya bazarına yuxarıda qeyd etdiyimiz şərtlər daxilində neft ixrac etmək imkanı yarandı. Bu vəziyyət onsuz da təklifin artıq olduğu bazarda qiymətlərin enməsinə səbəb oldu.

Ötən həftə OPEC hasilatı olduğu kimi saxlasa da üzv olmayan dövlətlər tərəfindən bazara neft ixracı davam etdi ki, bu da tələbin az olduğu vaxt təklifi artıraraq neftin qiymətini aşağı saldı.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, yaz və yay aylarında neftin qiyməti nisbətən yüksələcək. Bu onunla əlaqədardır ki, yaz əkinləri başlandığı dövrdə texnikaların yanacağa tələbatı artır. Bütün bunlarla yanaşı neftin qiymətinin geosiyasi faktorlardan asılı olduğunu da nəzərə almaq lazımdır. Hazırda dünya bazarı İran ilə ABŞ arasında gərginləşən münasibətlər fonunda gözləmə mövqeyindədir. Buna baxmayaraq, bazarın tələb və təklif prinsipindən asılı olmayaraq rəsmi şəxslərin bəyanatları da bazar qiymətlərinə təsir edir.

Dünya bazarında neftin qiymətində əsaslı dəyişiklik OPEC-in mart ayında keçiriləcək növbəti iclasından sonra baş verəcək. Qeyd edək ki, bu iclasda hasilatın həcminin dəyişməsi məsələsi müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: