"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri açıqlanıb

A- A A+

2025-ci ildə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 87 milyon dollar əsaslı xərclər çəkilib. 2024-cü ilin hesabat dövrü ilə müqayisədə əməliyyat xərclərində 5,1 faiz və əsaslı xərclərdə 41,9 faiz artım qeydə alınıb.

NUHÇIXAN bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

2025-ci ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib ki, bu da 2024-cü illə müqayisədə müvafiq olaraq 3,57 faiz az və sabit olub.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

2025-ci ilin dördüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində şərq-şimal cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

2025-ci ildə Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və “Azəri-Çıraq-Günəşli” (AÇG) sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib. Dördüncü rübdə gəminin ümumi yoxlama və texniki xidmət işləri, o cümlədən yan hərəkəti tənzimləyən qurğunun təmiri uğurla başa çatıb. Xankəndi gəmisi quru dokda olduğu müddətdə əməliyyatların davamlılığını təmin etmək məqsədilə ilk çağırış gəmisi kimi Tofiq İsmayılov dalğıc gəmisindən istifadə olunub.

“Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, hazırda gəmi, həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına dəstək verir. Bu işlər üçün tətbiq olunan quyuya dikborusuz yüngül müdaxilə sistemi Xankəndi gəmisi üzərinə inteqrasiya edilib. Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.

İyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra ŞDK layihəsi üzrə işlər bir sıra iri müqavilələrin imzalanması ilə irəliləyib. Yeni müqavilələr mühəndis-layihələndirmə və təchizat xidmətlərini; üst modulların tikintisini; dayaq blokunun tikintisini; ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılmasını, eləcə də sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması işlərini əhatə edir. Bu müqavilələr üzrə tikinti işləri artıq başlayıb və qrafikə uyğun davam etməkdədir.

Tələb olunan hərtərəfli keyfiyyət və əməyin təhlükəsizliyi yoxlamaları uğurla bitdikdən sonra sentyabr ayında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd edib. 2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Dördüncü rüb ərzində “Şahdəniz Alfa” platforması qazma qurğusunun yenidən aktivləşdirilməsini tamamlayıb və “Şahdəniz Alfa” quyularında bir sıra əlavə perforasiya işlərinə başlayıb.

İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu SDG03 quyusunda əlavə perforasiya işləri həyata keçirib və qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərinə başlayıb. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə, “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: