2025-ci ilin dördüncü rübündə Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üzrə tikinti işləri qrafikə uyğun aparılıb.
NUHÇIXAN bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb.
Bu müqavilələr çərçivəsində 2025-ci ildə layihə sahəsində hazırlıq işləri tamamlanıb və tikinti işləri başlanıb. Eyni zamanda, modul təchizatı üzrə işlər də başlanıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin aparılmasında yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
