Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

A- A A+

Yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozu 32 milyon manat və ya 0,9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat təşkil edərək proqnozdan 2 milyon manat və ya 0,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox, Dövlət Neft Fondundan transfert isə 1 milyard 70 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub.

Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 milyard 500 milyon manat proqnoza qarşı 1 milyard 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.

2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: