Azərbaycanda dövlət sektorunda yeni – yuxarıdan aşağı planlaşdırma metoduna keçid yalnız texniki və metodoloji dəyişikliklərlə məhdudlaşmır, bu proses ilk növbədə idarəetmə təfəkkürünün transformasiyasını tələb edir.
NUHÇIXAN xəbər verir ki, bunu Hesablama Palatası 2025-ci il üzrə "Dövlət auditi" jurnalının 3-cü buraxılışında dərc edilmiş təhlildə bildirib.
Qeyd olunub ki, dövlət qurumlarının yeni planlaşdırma modelinə keçidi mövcud idarəetmə yanaşmasının dəyişdirilməsi ilə başlamalıdır. Hazırda bir sıra dövlət qurumlarında yuxarıdan aşağı planlaşdırma metoduna keçidlə bağlı çətinliklər müşahidə olunur.
Palata vurğulayıb ki, yeni metod ənənəvi sifariş əsaslı büdcə modelindən prinsipial şəkildə fərqlənir. Əgər sifariş əsaslı modeldə büdcə əsasən xərclərin bölgüsü prinsipi ilə formalaşdırılırsa, yuxarıdan aşağı planlaşdırma modelində strateji məqsədlər və nəticə göstəriciləri ön plana çəkilir, maliyyə resursları isə həmin hədəflərə uyğun şəkildə bölüşdürülür.
Bu yanaşma dövlət qurumlarından yalnız xərclərin icrasını deyil, həm də nəticələrin planlaşdırılması və ölçülməsini tələb edir.
Palatanın təhlilinə əsasən, mövcud təcrübədə bir sıra qurumlar yeni metodun tətbiqində çətinliklərlə üzləşir ki, bu da əsasən əvvəlki büdcə modelinə uyğun formalaşmış idarəetmə davranışı ilə bağlıdır.
Hesablama Palatası hesab edir ki, planlaşdırma sisteminin effektiv tətbiqi üçün dövlət sektorunda strateji planlaşdırma bacarıqları gücləndirilməli, nəticə əsaslı yanaşma institusional səviyyədə möhkəmləndirilməlidir. Əks halda, yeni büdcə modelinin tətbiqi formal xarakter daşıya və gözlənilən səmərəlilik effektini verməyə bilər.
