İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Audiovizual Şuranın rəhbərliyi audiovizual media fəaliyyəti göstərən elektron kommunikasiya operator və provayderlərinin nümayəndələri ilə işgüzar görüş keçirib.
Agentlikdən NUHÇIXAN-a bildirilib ki, görüş zamanı audiovizual media sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, televiziya proqramlarının İP şəbəkələr üzərindən paket şəklində təqdim edilməsi audiovizual proqramların retranslyasiyası hesab olunur və bu fəaliyyət növü Audiovizual Şura tərəfindən verilən platforma operatoru lisenziyası əsasında həyata keçirilməlidir. Eyni zamanda vurğulanıb ki, audiovizual məhsulların istifadəçinin seçimi əsasında (istəyə görə baxış – VOD modeli) təqdim edilməsi sifarişli audiovizual yayım xidməti sayılır və bu fəaliyyət üçün də müvafiq lisenziya tələb olunur. Lisenziyasız audiovizual media fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin pozulması hesab edilir və bu hal qanunla müəyyənləşdirilmiş məsuliyyət tədbirlərinin tətbiqinə gətirib çıxara bilər.
Qeyd olunub ki, hazırda audiovizual media fəaliyyəti göstərən, lakin müvafiq lisenziyaya malik olmayan provayderlər qısa müddət ərzində lisenziyalaşdırma prosedurunu başa çatdırmalıdırlar.
Audiovizual məzmunu digər platforma operatorlarının infrastrukturu vasitəsilə təqdim edən provayderlər ya müstəqil qaydada müvafiq lisenziya almalı, ya da xidmətin hansı hüquqi əsasla və hansı lisenziya sahibi vasitəsilə təqdim edildiyi barədə öz rəsmi internet informasiya resurslarında açıq və şəffaf məlumat yerləşdirməlidirlər. Bu yanaşma istehlakçıların düzgün məlumatlandırılması, bazarda şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş iştirakçılarına bildirilib ki, lisenziya almaq üçün Audiovizual Şuraya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müraciət edilməli və müvafiq sənədlər təqdim olunmalıdır.
İKTA və Audiovizual Şura audiovizual media bazarında qanuni fəaliyyətin təmini, istehlakçı hüquqlarının qorunması, şəffaf və rəqabətədavamlı mühitin formalaşdırılması istiqamətində birgə fəaliyyətlərini davam etdirəcəklər.
