NAXÇIVAN MUXTAR RESPUBLİKASI: ÖLKƏNİN MİLLİ İQTİSADİ İNKİŞAFINA YENİ TÖHFƏ

A- A A+

Azərbaycan Respulikasında milli iqtisadiyyat üzrə həm quruculuq proesləri, həm bu sahənin tənzimlənməsi və eyni zamanda, davamlı islahatların elmi və məntiqi nəticəsi olaraq yeni keyfiyyət mərhələsi uğurla müşayiət olunmaqdadır. Bu istiqamətdə, ölkə başçısı tərəfindən bu gün, 21 fevral 2026-cı il tarixində imzalanan Sərəncam olduqca mühüm tarixi, sosial və iqtisadi əhəmiyyətə malik olmaqdadır. Həmin hüquqi sənədə əsasən, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasına dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq olunur və bununla da, artıq muxtar respublika, qarşıdakı mərhələlər üzrə daha dinamik inkişaf yoluna qədəm qoyur. Sərəncam, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, bu sahədə, infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması sahəsindəki məqsədlərin əlçatan olmasına hesablanıb.

Bununla bağlı olaraq, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planında mühüm regional əhəmiyyətli mexanizmlərin səfərbər olunması malik olduğu əhəmiyyətinə görə seçilir. Tədbirlər Planına əsasən, muxtar respublika iqtisadiyyatında aqrar bölmənin inkişafı makroiqtisadi tərəqqinin olduqca mühüm tərəflərindən biri olaraq ifadə olunur və həyata keçiriləcək genişmiqyaslı tədbirlərin icrası üç bölmədə nəzərdə tutulur. Bunlar:

- strateji iqtisadi siyasətin idarəolunmasında;

- aqrar sahədə məşğulluq potensialının daha da gücləndirilməsində;

- əmək resurslarından daha səmərəli istifadə olunmasında;

- ərzaq təhlükəsizliyinin etibarlı təminatı proseslərində;

- beləliklə, su ehtiyatlarından daha səmərəli istifadənin olduqca mühüm tərəflərinin ifadə olunmasında zəruri dayaqları formalaşdırmış olacaq.

Tədbirlər Planı ilə tanış olduqda, aydın olur ki, bu, 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət proqramının iqtisadi, sosial və məntiqi davamıdır və 2026-2030-cu illər ərzində muxtar respublika iqtisadiyyatının aqrar bölməsində idarəetmənin daha təkmil mexanizmlərini nəzərə almaqdadır. Bəhs olunan illər ərzində:

- Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin olunmasına;

- İçməli su təchizatı sisteminin təkmilləşdirilməsinə;

- Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə tədbirlərinə diqqət ayrılacaq ki, bu da yeni iqtisadi reallıqlar müstəvisində region iqtisadiyyatı üçün çoxistiqamətli perspektivlər gətirəcəkdir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, davamlı iqtisadi inkişafın əhalinin rifahı sahəsində əlçatan olması və nəticə etibarı ilə sosiallaşması, bütün tərəflərinə görə ölkənin regional və milli iqtisadiyyat üzrə uzunmüddətli perspektivlərini daha da möhkəmləndirməkdədir. Məhz muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində uğurla icra olunan müvafiq Dövlət proqramının müddəalarında, prioritetlərində və Tədbirlər Planında nəzərdə tutulan hədəflərin uğurla nəticələnməsi sahəsində müəyyən olunan tədbirlər də elə, mahiyyətinə görə kənd təsərrüfatının, aqrar sahənin mühüm göstəricilər sistemini təşkil edən suvarma sisteminin təkmilləşdirilməsini, su ehtiyatlarından daha məqsədyönlü istifadənin həyata keçirilməsini, həmçinin, qənaət, səmərə və faydalılıq prinsiplərinə xas olan potensialın yaradılmasını təmin edəcəkdir. Müvafiq Dövlət proqramında bu sahə ilə bır sıra məsələlər nəzərdə tutulur ki, onlar da:

- kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsindən;

- kənd təsərrüfatının inkişafında suvarma suyunun əhəmiyyətini nəzərə alaraq bölgədə suvarma şəbəkələrinin yenilənməsindən;

- müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsindən;

- kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılmasından;

- təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin olunması ilə torpaqlardan səmərəli istifadə olunması ilə müasir suvarma infrastrukturunun formalaşdırılmasından ibarət olmaqdadır.

2023-2027-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının GZİT təhlil bölməsinə diqqət edəndə aydın olur ki, orada, zəif tərəflər kimi, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqların aradan qaldırılması hədəflənmiş olur ki, məhz Dövlət Başçısının su ehtiyatları ilə bağlı olaraq, imzaladığı Sərəncam həmin proseslərin hərəkətverici qüvvəsi olacaq və artıq güclü tərəflər kimi çıxış edəcəkdir.

Yeni Sərəncamla, Naxçıvan Muxtar Respublikasının bütün regionlarının, kəndlərinin, şəhərlərinin su təminatının gücləndirilməsi nəzərdə tutulur. Bu sahədə, rayonların, kəndlərin su təminatına xidmət edən hidrotexniki qurğuların yenidən qurulmasının və əsaslı təmir olunmasının əhəmiyyəti qeyd olunur və bununla bağlı olaraq, sistemli təsisatların yaradılması hədəflənmiş olur. Eyni zamanda, muxtar respublikanın şəhər və rayonlarında, kəndlərində içməli su təchizatının və kanalzasiya şəbəkələrinin qurulmasının, içməli sutəmizləyici qurğunun tikintisinin, eyni zamanda, subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsinin də qarşıdakı prioritetlər içərisində yer alındığını görməkdəyik.

Həmçinin muxtar respublikanın ərazisində, onun kəndlərində, qəsəbələrində kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması da, daha təkmil, daha səmərəli və daha məhsuldar nəticələr gətirəcəkdir.

Dövlət proqramının iqtisadi əhəmiyyəti ilə yanaşı, onun sosial mahiyyətinin də yüksək olduğunu qeyd etmək olar. Hər şeydən əvvəl, bu, muxtar respublikanın:

- kəndlərinin, qəsəbələrinin və şəhərlərinin davamlı sosial-iqtisadi inkişaf tədbirlərində daha fəal, daha çevik və daha perspektivli iştirakını təminat yaratmış olacaq;

- aqrar bölmənin inkişafı sahəsində sistemlilik yaratmış olacaq ki, bu da, nəticə etibarı ilə, məşğulluq, məskunlaşma və resurs təminatını gücləndirəcək;

- iqtisadiyyatın mikro, mezo və makro əhəmiyyətinin daha mütərəqqi perspektivlərini yaradacaq ki, bu da, son nəticədə, xarici ticarət və rəqabəqabiliyyətlilik əsasında meqa əhəmiyyətinə də yeni görkəm qazandıracaqdır. Eyni zamanda bu, aqrar bölmənin xammal bazasının dayanıqlılığını, emal sənayesinin inkişafını və sənaye əhəmiyyətinin gücləndirilməsini sürətəndirəcək;

- ölkənin milli iqtisadiyyatına daha dolğun inteqrasiya proseslərinə yeni nəfəs gətirəcəkdir;

- yeni iqtisadi reallıqları müstəvisində muxtar respublikanın istehsal və xidmət bölmələrinin bir-biri ilə əlaqəli inkişafına təminat yaratmış olacaq.

Bir sözlə, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ərazinin iqtisadi inkişafına yeni dəyərlər qazandırmış olacaq ki, bu da, yeni iqtisadi idarəetmənin muxtar respublika iqtisadiyyatına müqavimətlilik və şaxələndirmə gətirəcəkdir. Təbii olaraq, burada, təkcə istehsal sahəsinin fasiləsizliyinin və təminatlılığının gücləndirilməsi ilə yanaşı, həm də, dayanıqlı xidmət bölməsinin də səmərəliliyini gücləndirməklə sistemli olacaq. Turizm infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də, kənd turizminin inkişaf etdirilməsi və bu sahədəki mobilliyin tərəqqisi, aqrar sahibkarlıq imkanlarının artırılması, regional (nəticə etibarı ilə milli) bazarların inkişafı və digər məsələlərin əhatəsinin genişləndirilməsi məhz müvafiq Sərəncamın artmaqda olan əhəmiyyətini gücləndirir.

Beləliklə, Naxçıvan Muxtar Respublikası ərazisinin və əhalisinin ixtisaslaşmasına görə aqrar bölgədir. Hələ 2004-cü ildən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramında nəzərdə tutulan tədbirlərin muxtar respublikaya aid olan hissələrində, 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafla bağlı olan tənzimləmədə və bəhs olunan Sərəncamın Tədbirlər Planında nəzərdə tutulan məsələlərin reallaşmasında Naxçıvan Muxtar Respublikasının bu günə qədər olan mərhələlərin baza rolu daha da artmış olacaq.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: