ABŞ-nin Ali Məhkəməsinin Prezident Donald Trampın müxtəlif ölkələrə tətbiq etdiyi gömrük rüsumlarının artırılmasını qeyri-qanuni olması haqqında qərar verdikdən sonra Hindistan Rusiyadan neft idxalını bərpa edib. Lakin yanvar ayında sutkada 1,8 milyon barel Rusiya nefti alan Hindistan fevralda ABŞ-nin “rüsum” hədəsindən sonra idxalın həcmini 800 min barelə qədər azaldıb.
NUHÇIXAN xəbər verir ki, Hindistan mətbuatının yazdığına görə, Rusiyadan ucuz neft idxalının həcmi yaxın vaxtlarda artacaq.
Bununla yanaşı ABŞ, Polşa, Almaniya öz vətəndaşlarına müraciət edərək onları İrana səfər etməməyə, İranda olan vətəndaşlarına isə tez bir zamanda bu ölkəni tərk etməyə çağırıblar.
İran ilə əlaqədar hər dəfə bir bəyanat və ABŞ tərəfindən atılan addıma dünya neft bazarı kəskin reaksiya verir ki, bu da qiymət artımına səbəb olur. Ötən həftə ərzində bazarda qiymətlərin yüksəlməsi tendensiyası müşahidə olunub. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 72,16 dollar təşkil edib. Qiymətlərin yüksəlməsi tendensiyası ondan ibarətdir ki, fevralın 17-də 69,45 dollardan 72,68 dollarda yüksələn 1 barel neftin qiyməti bu gün nisbətən ucuzlaşaraq 72,20 dollara düşüb. Ümumilikdə isə 5 gün ərzində qiymət təxminən 2 dollar artıb.
Ötən həftə dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 dollar və ya 0,8 faiz azalaraq 72,2 dollar təşkil edib. Fevralın əvvəlində 1 bareli 68,75 dollara satılan "Azeri Light" fevralın 18-də 72 dollardan bir qədər artıq qiymətə satılıb.
Hələlik dünya bazarında neftin qiymətinə geosiyasi amillər təsir edir. İran ətrafında baş verən siyasi proseslər qiymətə xüsusi təsir göstərir.
