Özbəkistan mediası yazır ki, neft-qaz sənayesi beynəlxalq əməkdaşlığı genişləndirməyə, istehsal proseslərini modernləşdirməyə və qabaqcıl texnoloji həllərin tətbiqinə davam edir. Bu kontekstdə “Özbəkneftqaz” ASC ilə Azərbaycanın SOCAR şirkəti arasında dialoq və praktik əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
NUHÇIXAN rəsmi UZA informasiya agentliyinə istinadla xəbər verir ki, bu səylərin bir hissəsi olaraq, şirkət rəhbərliyi SOCAR-ın törəmə müəssisələri olan “SOCAR Trading” və “SOCAR Downstream Management” şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi qeyd edilib. İki ölkənin dövlət başçıları arasında siyasi dialoqun neft və qaz sektorunda iqtisadi əlaqələrin intensivləşməsinə töhfə verdiyi vurğulanıb.
SOCAR nümayəndələri Buxara Neft Emalı Zavodunun səmərəliliyinin artırılması, istehsalın optimallaşdırılması və müasir əməliyyat texnologiyalarının tətbiqi məqsədi ilə “Özbəkneftqaz” ASC ilə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər. Rəqəmsal idarəetmə həllərinin tətbiqi, texnoloji proseslərin sadələşdirilməsi və enerji səmərəliliyinin artırılması ilə bağlı təkliflər müzakirə edilib.
Görüşün sonunda praktik əməkdaşlığın davam etdirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və perspektivli layihələrin hazırlanması barədə razılıq əldə edilib. Bundan əlavə, texniki audit aparmaq və nəticələrə əsasən gələcək tədbirləri müəyyən etmək məqsədilə Azərbaycan işçi qrupunun müəssisəyə səfəri təşkil olunacaq.
