Nazirlik: Məhsulların satışında yaranacaq çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək
Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.
Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Məlum olduğu kimi, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 aprel tarixli Qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-dək, soğan və kələmin ixracına isə mayın 31-dək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib. Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunur.