Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib - FOTOLAR

A- A A+

Martın 4-də Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Təlimi Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azər Əmiraslanov aparıb.

Çıxışında o bildirib ki, “milli iqtisadiyyat” anlayışı təsadüfi deyil, məqsədli şəkildə formalaşdırılmış strateji konsepsiyadır. Bu model iqtisadi suverenliyin təmin olunmasını, daxili resurslara əsaslanan inkişaf strategiyasının qurulmasını, rəqabətqabiliyyətli qeyri-neft sektorunun genişləndirilməsini və güclü institusional idarəetmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

Təlimdə Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında çalışan 93 əməkdaş iştirak edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi antiinflyasiya tədbirləri və makroiqtisadi sabitlik siyasəti milli iqtisadiyyatın fundamental əsaslarını formalaşdırıb. Həmin dövrdə iqtisadi sabitliyin təmin edilməsi dövlətçiliyin möhkəmləndirilməsi ilə paralel strateji əhəmiyyət daşıyıb.

Çıxış zamanı Naxçıvanın dövlətçilik tarixindəki rolu xüsusi vurğulanıb. Bildirilib ki, bu bölgədə dövlətçilik ənənələrinin qorunması və gücləndirilməsi milli iqtisadi düşüncənin ideoloji əsaslarının formalaşmasına mühüm təsir göstərib.

Azər Əmiraslanov qeyd edib ki, uğurla icra olunan neft strategiyası ölkəyə maliyyə dayanıqlılığı qazandırmaqla yanaşı, struktur islahatları üçün möhkəm zəmin yaradıb. Bununla belə, iqtisadiyyatın bir resursdan asılı qalmaması əsas strateji hədəf kimi müəyyənləşdirilib. Dövlət başçısının “öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur” tezisinin iqtisadi təhlükəsizliyin əsas prinsiplərindən biri olduğu vurğulanıb.

Bildirilib ki, son illərdə qeyri-neft sektorunun payının artması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların real nəticəsidir. 2025-ci ildə ölkə üzrə 129,2 milyard manatlıq ÜDM istehsalı makroiqtisadi potensialın göstəricisi kimi qiymətləndirilsə də, əsas prioritetin ÜDM-in həcmi deyil, onun struktur keyfiyyətinin və dayanıqlılığının təmin edilməsi olduğu diqqətə çatdırılıb.

Təlimdə vurğulanıb ki, dövlət qulluqçusunun rolu yalnız qəbul olunan qərarların icrası ilə məhdudlaşmır. O, iqtisadi siyasətin daşıyıcısı, ictimai etimadın təminatçısı və strateji hədəflərin həyata keçirilməsində əsas subyekt kimi çıxış etməlidir. Milli iqtisadiyyat anlayışının iqtisadi artımla yanaşı, iqtisadi təhlükəsizliyin təmin olunmasını, xarici şoklara davamlılığı və daxili istehsal potensialının gücləndirilməsini əhatə etdiyi bildirilib.

Qlobal çağırışlar, enerji bazarındakı dəyişkənlik və geosiyasi risklər fonunda dayanıqlı inkişafın yalnız şaxələndirilmiş və güclü institusional əsaslara malik sistem üzərində mümkün olduğu qeyd edilib.

Təlim çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, dövlət idarəçiliyində effektiv mexanizmlərin tətbiqi, sahibkarlıq mühitinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf perspektivləri və iqtisadi transformasiya prosesləri müzakirə olunub.

Keçirilən təlim dövlət idarəçiliyi sahəsində kadr potensialının artırılması və iqtisadi çağırışlara sistemli, strateji yanaşmanın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: