Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazından nəqliyyatın dayanması fonunda ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsindədir.
NUHÇIXAN xəbər verir ki, “Light” markalı xam neftin bir barelinin qiyməti 2024-cü ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Hazırda birjalarda “Light”ın qiyməti 80 dollar/barel, “Brent” neftinin qiyməti isə 85 dollar/barel civarındadır.
Yaxın Şərqdəki münaqişə qlobal enerji bazarlarını və təchizat zəncirlərini təhdid etməkdə davam edir, o cümlədən enerji bazarında qlobal neft axınlarına mane ola biləcəyi ilə bağlı narahatlıqları artırır. Münaqişə əsas alıcılara yönələn xam neft axınlarını pozduğuna dair əlamətlər də güclənir. Belə ki, qlobal neft ticarətinin təxminən beşdəbirinin keçdiyi kritik bir nöqtə olan Hörmüz boğazında mümkün uzunmüddətli dayanma ilə bağlı artan narahatlıqlar potensial dayanmadan daha az təsirlənən xam neft növlərinə tələbatı artırıb. ABŞ neftinə tələbatın artması isə yükdaşımalarının tariflərinin yüksəldiyi və Birləşmiş Ştatlar neftinin daşınmasının daha bahalı olduğu bir vaxtda baş verir. ABŞ-da neft emalı zavodlarında aparılan mövsümi təmir işləri də daxili tədarükü azaldıb və qiymətlərin artmasına dəstək olub.
Bundan başqa, emal olunmuş yanacaq bazarında da artım müşahidə edilir. Avropada etalon dizel fyuçersləri bir barel üçün 150 dollardan yuxarı qalxaraq 2022-ci ilin sonlarından ən yüksək səviyyələrə çatıb. Həmçinin dünyanın ən böyük neft idxalçısı olan Çinin yanacaq istehlakını azaltdığı da bildirilir.
Bütün bu proseslər fonunda ABŞ tərəfi qlobal neft tədarükünü qorumaq üçün Hindistan neft emalı zavodlarına Rusiya nefti almağa icazə verən 30 günlük müvəqqəti güzəşt tətbiq edib. Beynəlxalq Valyuta Fondu (BVF) isə Yaxın Şərqdəki gərginliklə bağlı artan qeyri-müəyyənlik fonunda iqtisadi şoklarla üzləşən üzv ölkələri dəstəkləməyə hazır olduğunu açıqlayıb.
İnvestorlar isə Yaxın Şərqdə qlobal xam neft axınlarına mane ola biləcək uzunmüddətli müharibə riskini getdikcə daha çox qiymətləndirirlər. Ekspertlərin fikrincə, bir il ərzində enerji qiymətlərinin 10 faiz artması qlobal inflyasiyanı 40 baza bəndi artırmasına səbəb ola bilər. Eyni ssenaridə qlobal iqtisadi artımın 0,2 faiz yavaşlayacağı da proqnozlaşdırılır.
