“Brent” neftinin qiyməti həftə ərzində 20 faizdən çox bahalaşıb

A- A A+

Birjalarda “Brent” markalı xam neftin bir barelinin aprel fyuçerslərinin qiyməti 90 dollara yaxınlaşır.

NUHÇIXAN xəbər verir ki, Yaxın Şərqdəki gərginliyin və Hörmüz boğazından nəqliyyatın dayanmasının enerji bazarlarına təsiri davam edir.

Bu vəziyyət neft qiymətlərindəki artımı sürətləndirir, enerji bazarlarında kəskin dalğalanmalara səbəb olur. Belə ki, hazırda “Brent” bir bareli 89 dollardan, “Light”ın bir bareli isə 85 dollardan baha satılır. “Brent” neftinin qiyməti həftə ərzində 20 faizdən çox bahalaşıb, “Light”ın qiyməti isə son 2 ilin ən yüksək səviyyəsindədir.

Analitiklərə görə, münaqişə Yaxın Şərqdə neft axınlarını pozub və real bazarda qiymətlərin kəskin şəkildə artmasına səbəb olub. Münaqişənin səngiyəcəyinə dair heç bir əlamət olmadığı üçün neft qiymətləri daha da arta bilər. Qiymətlərin 100 dollar/bareli keçəcəyi ilə bağlı gözləntilər artıb. Hətta bəzi ekspertlərin fikrincə, “qara qızıl”ın qiymətləri həttta 150 dollara çata bilər.

Mərkəzi banklar isə inflyasiyanın yenidən artması ilə bağlı narahatlıqlarını bildiriblər. Vurğulanır ki, bu vəziyyət inflyasiyaya təsir riskini artıra, pul siyasətinin sərtləşdirilməsini zəruri edə bilər. Qiymətlərdəki 10-20 faizlik artımın idarəolunan olduğu, lakin mümkün 50 faizlik bahalaşmanın bazara daha güclü müdaxilə tələb olunmasına şərait yaradacağı bildirilir.

Enerji bazardakı qeyri-müəyyənlik və davamlı dəyişkənlik fonunda benzin qiymətləri də artır. Belə ki, ABŞ-da benzin qiymətləri bahalaşır, Avropada benzin fyuçersləri həftəlik müqayisədə təxminən 50 faiz artıb. Asiya bazarlarında isə yanacaq qiymətləri müharibənin başlamasından bəri təxminən iki dəfə artıb. Sinqapurda reaktiv yanacağın bir bareli isə 160 dollar civarında satılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: