Yaxın Şərqdə davam edən toqquşmanın davam etməsi dünya birjalarında qazın qiymətinin 30 faiz artmasına səbəb olub. 2023-cü ildən sonra qazın 1 kubmetrinin qiyməti 840 dollara çatıb.
NUHÇIXAN xəbər verir ki, hazırda Niderlandın TTF habında 1000 kubmetr qazın qiyməti 842,7 dollara satılır.
Körfəzdə hərbi əməliyyatlar başlanan gündən qazın qiyməti də tədricən artmağa başladı. Lakin İranın Ali Rəhbəri Əli Xamneyi öldürüldükdən sonra müharibənin davam edəcəyi aydın oldu və enerji bazarında gərginlik yarandı. Bu gərginliyin əsas səbəbi isə Hörmüz boğazının bağlanmasıdır.
Hüquqi baxımdan Hörmüz boğazı bağlı deyil və İran da bu boğazı bağlamaq iqtidarında deyil. Lakin İran ordusunun Hörmüz boğazından keçən gəmiləri vurmaqla hədələməsi sıxılmış (LNG) qazın daşınmasında böyük problemlər yaradıb ki, bu da qiymətlərin kəskin artımına səbəb olub.
Qətərin energetika naziri Saad Şerida al-Kaabi “Financial Times” qəzetinə verdiyi müsahibəsində bildirib ki, qiymətlərin yüksəlməsi davam edəcək. Məsələ burasındadır ki, hətta hərbi əməliyyatlar dayandırılsa belə tez bir zamanda qaz hasilatını bərpa etmək mümkün olmayacaq. Quyuların fəaliyyətini bərpa edib yenidən hasilata başlamaq üçün bir neçə ay vaxt lazımdır. Nazir bildirib ki, gəmilərin Hörmüz boğazından keçidi təmin edilməyincə dünya bazarında neft və qazın qiyməti artmaqda davam edəcək. Onun fikrincə, neftin bir barelinin qiyməti 150-160, qazın 1000 kubmetrinin qiyməti isə 1420 dollara kimi arta bilər.
“Sinar” investisiya bankının analitikləri hesab edir ki, Hörmüz boğazında gəmilərin keçidinin məhdudlaşdırılması qiymətlərin yüksəlməsinə səbəb olub və bu proses 2026-cı ilin ikinci yarısına kimi davam edəcək. Bu vəziyyətdən daha çox ziyan çəkən 20 faiz qaz tələbatını Qətər LNG hesabına ödəyən Çindir. Yaxın Şərqdə vəziyyətin gərginləşərək dünya bazarına enerji resurslarının çıxarılması dayandığı üçün Rusiyanın “Qazprom” dövlət şirkətinin aktuallığı artıb. Lakin “Qazproma” qarşı tətbiq olunan sanksiyalar şirkətin şansını sıfıra endirib.
Belə vəziyyət isə Azərbaycan qazına ehtiyacı artırıb. Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya 14 milyard kubmetr qaz ixrac etdi. 2027-ci ilə kimi Azərbaycanın Avropaya qaz ixracının həcmi 20 milyard kubmetrə çatdırılacaq. Bu gün Azərbaycan 2-si Avropa İttifaqı (Aİ) üzvü olmaqla 16 Avropa ölkəsini təbii qaz ilə təmin edir. Azərbaycanın daha çox qaz ixrac etmək potensialı var. Lakin bunun üçün Aİ sərmayə yatıraraq yeni interkonektorların qurulmasını və Cənub Qaz Dəhlizinin genişləndirilməsini təmin etməlidir.
