Ukrayna Macarıstan və Slovakiyaya neft axınını bərpa etmək məqsədilə zədələnmiş “Drujba” boru kəmərinin təmiri üçün Aİ-nin texniki və maliyyə dəstəyini qəbul edib. NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Razılaşma Aİ liderlərinin Brüsseldə keçirilən görüşündən iki gün əvvəl imzalanıb və Macarıstanın Aİ-nin Ukraynaya 90 milyard avroluq kreditini bloklamasına səbəb olan gərginliyin azaldılmasına kömək edə bilər.
Avropa Komissiyasının Sədri Ursula Fon der Lyayen və Avropa Şurasının Prezidenti Antonio Koşta birgə bəyanatda bildiriblər: “Aİ Ukraynaya texniki dəstək və maliyyələşdirmə təklif edib. Ukraynalılar bu təklifi alqışlayıb və qəbul ediblər. Avropalı mütəxəssislər dərhal hərəkətə keçməyə hazırdırlar”.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin planı dəstəklədiyini təsdiqləyib. O, Aİ liderlərinə göndərdiyi məktubda təmir işlərini başa çatdırmaq və uzunmüddətli həll yollarını araşdırmaq üçün lazımi texniki dəstək və maliyyələşdirmə təklifini alqışladığını və qəbul etdiyini yazıb.
Fon der Lyayen və Koşta bildiriblər ki, bu, yanvar ayında neft axınlarını dayandıran boru kəmərinə edilən zərbələrdən sonra baş verib. Onlar üzv dövlətlər və Ukrayna ilə neft axınını bərpa etmək üçün sıx müzakirələr aparıldığını əlavə ediblər.
Aİ liderləri bildiriblər: “Prioritetimiz Avropanın bütün vətəndaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir”. Komissiya, həmçinin Rusiyadan kənar xam neftin Mərkəzi və Şərqi Avropaya tranziti üçün alternativ marşrutlar üzərində işləyir.
Kiyev bu ilin yanvar ayında Rusiyanın zərbələri nəticəsində zədələnən boru kəmərinin yoxlanılmasına ilk dəfədir icazə verir. Rusiya neftinin tədarükünün bu boru kəmərindən asılı olan Budapeşt Ukraynanı təmir işlərini gecikdirməkdə ittiham edib və Komissiyanı dəfələrlə zərərin səviyyəsini qiymətləndirmək üçün texniklər göndərməyə çağırıb.
