ABŞ-də benzinin 1 qallonu 2022-ci ilin avqust ayından bəri ilk dəfə olaraq 4 dollardan çox bahalaşıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyasının məlumatında deyilir.
Bildirilir ki, ölkə üzrə benzinin 1 qallonunun pərakəndə satış qiyməti 4,02 dollara yüksəlib. Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri ABŞ-də benzin qiymətləri 1 dollardan çox artıb. ABŞ və İsrailin İrana hücumlarından bir gün əvvəl Birləşmiş Ştatlarda benzinin 1 qallonunun qiyməti 2,98 dollar idi.
Ekspertlərə görə, ABŞ-də benzin qiymətlərinin 1 dollar artması, digər iqtisadi təsirlər nəzərə alındıqda belə, istehlakçı etimad indeksini 4,5 bənd və ya daha çox aşağı salır. Həmçinin qiymətlərinin 1 dollar artması ilə insanların iqtisadiyyata baxışı təxminən 5 faiz pisləşir.
Qeyd edək ki, ABŞ xam neftinin bir barelinin qiyməti 2022-ci ildən bəri ilk dəfə olaraq 100 dollardan çox artıb. Həmçinin ABŞ-nin neft etalon indeksi mart ayında 50 faizdən çox artaraq 2020-ci ilin may ayından bəri ən böyük artımı qeydə alıb. Bu artım benzin və dizel yanacağı kimi istehlak mallarında daha çox özünü göstərir. Belə ki, dizelin 1 qallonunun qiyməti 5,4 dollardan yuxarı qalxıb və bu da ümumi iqtisadiyyat üçün ciddi problem yaradıb.
