ABŞ Prezidenti Donald Trampın Amerika xalqına müraciətində Hörmüz boğazının bağlı qalması nəticəsində dünya bazarında neftin qiymətinin artmasına münasibət bildirərək “iki ya üç həftəyə biz işimizi sona çatdıracağıq. Hərbi əməliyyatlar başa çatdıqdan sonra Hörmüz boğazı da avtomatik açılacaq” deməsi birjaları nəinki sabitləşdirmədi, əksinə qiymət artımına səbəb oldu.
NUHÇIXAN xəbər verir ki, son 3 gün ərzində neftin qiyməti artmaqda davm edir.
Bu gün Londonun ICE birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti nə az, nə çox 7,87 dollar artaraq 109,03 dollara çatıb. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin 1 barelinin qiyməti isə 11,42 dollar artaraq 111, 54 dollar təşkil edib.
Azərbaycanın “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 10,89 dollar və ya 8,33 faiz artaraq 141,68 dollara satılıb. Qiymətlərin bu qədər artması və Yaxın Şərq ölkələrinin iqtisadiyyatına ağır zərbənin dəyməsi neft daşınması üzrə marşrutun dəyişdirilməsi ideyasını ortaya çıxarıb.
“Financial Times” yazır ki, ərəblər dünya bazarına neft çıxarmaq üçün alternativ yollar axtarırlar. Livanın “Cat Group” şirkətinin baş direktoru Kiristifer Buş bildirib ki, İraq-İordaniya-Türkiyə neft boru kəmərinin çəkilməsi məsələsi müzakirə edilib və mühəndislər kəmərin keçəcəyi yerlərdə texniki əsaslandırma işlərini də həyata keçiriblər. Bu layihənin maliyyələşməsi də müzakirə olunub və tikintisi üçün 15-20 milyard dollar sərmayənin lazım olduğu müəyyənləşib. Lakin bu layihənin reallaşması təkcə iqtisadi deyil, eyni zamanda, siyasi məsələdir ki, bununla əlaqədar dövlətlər yekun qərar qəbul etməlidirlər.
“Türkiyə” qəzetinin yazdığına görə, rəsmi Ankara da bir neçə variant təklif edib. Bu barədə məlumat verən Türkiyənin ticarət naziri Ömər Bolat nəzərə çatdırıb ki, rəsmi Ankaranın təklif etdiyi marşrutlar həm neft istehsalçıları, həm də isehlakçılar üçün səmərəlidir.
Hələlik isə yeganə alternativ 1980-cı ildə Səudiyyə Ərəbistanının şərqindən qərbinə kimi çəkilən və 1200 kilometr uzunluğu olan Şərq-Qərb (Petroline) kəməridir. Hazırda bu kəmərlə 7 milyon barel neft daşınaraq Qırmızı dənizin sahillərinə, buradan isə tankerlərlə dünya bazarına çıxarılır. Səudiyyə Ərəbistanı hökuməti kəmərin genişləndirilərək daha çox neft nəql etməsinə təmin etməyə çalışır.
“Financial Times” yazdığına görə, müharibədən əvvəl ABŞ-ın təklif etdiyi “Hindistan-Yaxın Şərq-Avropa” iqtisadi dəhlizi də müzakirə olunan layihələr arasındadır.
