Azərbaycanda I rübdə dövlət xətti ilə 353 ipoteka krediti verilib

A- A A+

Bu ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına 29,9 milyon manat məbləğində 353 ipoteka krediti verilib.

NUHÇIXAN Fonda istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,2 dəfə və 3,55 dəfə azdır.

Yanvar-mart aylarında 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka krediti verilib. 1 il əvvəl 83 milyon manat məbləğində 743 adi ipoteka krediti və 41,9 milyon manat məbləğində 508 güzəştli ipoteka krediti verilmişdi.

Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə bu il aprelin 1-nə 140,8 milyon manat məbləğində 1 497 ipoteka krediti üzrə zəmanət verilib. Ötən il aprelin 1-nə 107,4 milyon manat məbləğində 1 211 ipoteka krediti üzrə zəmanət verilmişdi.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 %-ə yaxını isə regionların payına düşüb.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: