Azərbaycanın enerji layihələri fonunda Bolqarıstan və Rumıniya reversiv qaz tədarükünü prioritet sayır
Bolqarıstan və Rumıniya Qara dənizdə gələcək qaz hasilatı fonunda təbii qazın qarşılıqlı, yəni reversiv qaydada nəqlini prioritet istiqamətlərdən biri hesab edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Trayço Traykov ilə Rumıniyanın Bolqarıstandakı səfiri Brındușa Ioana Predesku arasında Sofiyada keçirilən görüşdən sonra məlumat verilib.
Bildirilib ki, tərəflər Qara dənizdə illik təxminən 8 milyard kubmetr həcmində qiymətləndirilən potensial qaz hasilatını nəzərə alaraq, Bolqarıstana reversiv qaz tədarükü imkanlarının inkişafına üstünlük verilməsini vacib hesab edirlər. Trayço Traykov, həmçinin Bolqarıstanın kəşfiyyat məqsədilə ayırdığı blokların müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı Bolqarıstanın energetika naziri enerji və nəqliyyat bağlantıları üçün dayanıqlı infrastrukturun əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, belə infrastruktur regionda xammal və malların təhlükəsiz, eləcə də rəqabətqabiliyyətli daşınması üçün əsas şərtdir.
Məlumata görə, Bolqarıstan Rupça-Vetrino marşrutu üzrə qazötürmə şəbəkəsinin genişləndirilməsi üzərində işləyir. Bu xətt Şaquli Qaz Dəhlizinin bir hissəsidir və layihə başa çatdıqdan sonra cənub-şimal istiqamətində ötürmə gücü 5 milyard kubmetrdən 10 milyard kubmetrə çatacaq. Kommersiya istismarının 2026-cı ilin oktyabrında başlanacağı gözlənilir.
Görüşdə Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyan mövzular müzakirə olunub. Tərəflər Azərbaycan-Gürcüstan-Rumıniya sualtı elektrik kabeli təşəbbüsünü, eləcə də Bolqarıstanın müəyyən şərtlərlə bu layihəyə qoşulmaq imkanını nəzərdən keçiriblər. Rumıniya tərəfi bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.
Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl dəhlizi layihəsi də müzakirə edilib. Bildirilib ki, bu təşəbbüsün əsas prinsipləri artıq razılaşdırılıb və layihə regionda enerji əməkdaşlığının genişlənməsinə xidmət edəcək.
