Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib

A- A A+

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan V.Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham olunmuş Azərbaycan vətəndaşı Xəyal Məzahir oğlu Əli-zadənin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Xəyal Məzahir oğlu Əli-zadə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: