Naxçıvanın 2026-cı ilin birinci rübünə dair sosial-iqtisadi inkişaf göstəriciləri açıqlanıb - FOTOLAR
2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında makroiqtisadi göstəricilər üzrə müsbət dinamika davam etmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövründə ümumi daxili məhsulun istehsalı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, büdcə daxilolmaları, sahibkarlığa maliyyə dəstəyi və digər əsas istiqamətlərdə artım qeydə alınmışdır. Cari ilin birinci rübündə muxtar respublikada ümumi daxili məhsulun həcmi 383,6 milyon manat təşkil etmiş, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,0 faiz artım qeydə alınmışdır. ÜDM-in strukturunda 257,0 milyon manat xidmətlərdən yaranan əlavə dəyər, 88,1 milyon manat məhsul istehsalı, 38,5 milyon manat isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Muxtar respublikada əhalinin sosial rifahını əks etdirən əsas göstəricilərdən biri olan orta aylıq nominal əməkhaqqında da artım qeydə alınmış, cari ilin müvafiq dövründə orta aylıq nominal əməkhaqqı 803,2 manat olmuş, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artmışdır. Sahibkarlığın inkişafı istiqamətində dəstək tədbirləri davam etdirilmiş, 2026-cı ilin birinci rübündə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33 layihəyə ümumilikdə 1 milyon 611 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Sahibkarlara verilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz artmışdır.
Büdcə gəlirləri üzrə göstəricilər də artımla müşayiət olunmuşdur. 2026-cı ilin birinci rübündə büdcə daxilolmaları 59,46 milyon manat təşkil etmiş, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artmışdır. Daxilolmaların 54,79 milyon manatı vergi orqanları tərəfindən yığılan vergilər, 3,67 milyon manatı gömrük orqanları tərəfindən yığımlar, 0,52 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətləri, 0,48 milyon manatı isə digər daxilolmaların payına düşmüşdür.
Sənaye sahəsində muxtar respublikada 129,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artım deməkdir. Kənd təsərrüfatında isə 2026-cı ilin birinci rübündə 44,1 milyon manatlıq məhsul istehsal olunmuş, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artmışdır. İstehsal olunan kənd təsərrüfatı məhsulunun 3,7 milyon manatı bitkiçilik, 40,4 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşmüşdür. Bitkiçilik üzrə 5,5 faiz, heyvandarlıq üzrə isə 0,3 faiz artım qeydə alınmışdır.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarının nəticələri Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyin qorunduğunu, əsas makroiqtisadi göstəricilər üzrə artım meylinin davam etdiyini və sahibkarlığın, istehsalın, xidmətlərin, sosial göstəricilərin inkişafı istiqamətində görülən işlərin real nəticələr verdiyini göstərir.