İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2026-cı ilin I rübü üzrə internet xidmətləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətinə dair hesabatını dərc edib.
Agentlikdən NUHÇIXAN-a bildirilib ki, hesabatda “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanan müraciətlər əsasında formalaşan şikayət indeksi, eləcə də indeks üzrə dinamika əks olunub. Sənəddə 2025-ci ilin IV rübü ilə müqayisəli təhlil aparılaraq operator və provayderlərin göstəricilərindəki dəyişikliklər müəyyən edilib.
Eyni zamanda, hesabatda 2026-cı ilin I rübündə “E-Şikayət” sisteminə daxil olan müraciətlərin telekommunikasiya operatorları və provayderlər tərəfindən cavablandırılma müddətinə dair orta göstəricilər də təqdim olunub.
Məlumata görə, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib və bu günədək platforma üzərindən telekommunikasiya və poçt xidmətləri ilə bağlı 12 500-dən çox müraciət daxil olub. 2024-cü ilin noyabrından etibarən isə sistemin mobil tətbiqi istifadəyə verilib ki, bu da xidmətin əlçatanlığını və istifadə miqyasını daha da genişləndirib.
Agentlik bildirib ki, şikayət indeksi və müraciətlərin cavablandırılma müddətinə dair hesabatların hazırlanması davamlı xarakter daşıyacaq və ictimaiyyətə rüblük əsasda təqdim olunacaq. Bu mexanizmlər gələcəkdə tənzimləmə və nəzarət proseslərində daha geniş tətbiq ediləcək.
