Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında artım qeydə alınıb.
NUHÇIXAN-ın məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 54,5 milyon manata yaxın vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz və ya 4,2 milyon manat çoxdur.
Hesabat dövründə qeyri-dövlət sektorundan daxilolmalar 38,8 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz və ya 6,6 milyon manat artım deməkdir.
Ümumilikdə ödənilən vergilərin 71,2 faizi qeyri-dövlət sektorunun, 28,8 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, cari ilin ilk üç ayında muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar da artıb. Belə ki, bu istiqamət üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 1,1 milyon manatdan çox olub.
