Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib

A- A A+

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yekunlarına dair buraxılışı nəşr edilib.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin ilkin statistika əsasında hazırladığı icmalda 2025-ci il üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

2025-ci ildə Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2 faizlik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Hesabat dövründə, ilkin göstəricilərə əsasən, 3,2 faizlik qlobal artım tempi ilə müqayisədə Türk dövlətləri 5,2 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan, Özbəkistan və Qazaxıstan müvafiq olaraq 11,1 faiz, 7,7 faiz, 6,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Türkmənistanda iqtisadi artım 6,3 faiz, ŞKTR-da 4,5 faiz təşkil edib. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 3,6 faiz iqtisadi böyüməyə nail olub. Azərbaycanda ÜDM-in artım tempi 1,4 faiz, Macarıstanda 0,4 faiz təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2025-ci ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,12 trilyon dollar təşkil edib ki, bu da 34 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,6 faizinə bərabərdir.

Türkiyə 638,731 milyard dollar ilə ən yüksək ticarət dövriyyəsinə malik olub. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 143,888 milyard dollar və 81,16 milyard dollar həcmində ticarət dövriyyəsi olub.

İlkin rəqəmlərə əsasən, Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 10,6 faiz və 7,4 faiz artımla liderlik edib. Bununla yanaşı, Özbəkistan və Türkmənistanda sənaye sektoru 6,8 faiz inkişaf edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkiyədə sənaye sektoru 4,5 faiz artıb.

Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Türkmənistan 7 faiz ilə ən güclü artım nümayiş etdirib. Qazaxıstan kənd təsərrüfatında 5,9 faiz, Özbəkistan, Macarıstan, ŞKTR-da müvafiq olaraq 4,4 faiz artım əldə edib.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2025-ci ildə Qırğızıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 18,4 faiz və 15,1 faiz artım nümayiş etdiriblər ki, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Qazaxıstan və Özbəkistan da müvafiq olaraq 13 faiz və 10,5 faiz sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 44,9 faiz, Türkiyədə 41 faiz, Özbəkistanda 25,5 faiz, ŞKTR-da 11,06 faiz və Qazaxıstanda 11 faiz, Macarıstanda 11 faiz artım qeydə alınıb. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Azərbaycanın bank sektoru isə daha mülayim (7,7 faiz) artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. ŞKTR dövlət büdcəsi gəlirlərində 51,8 faiz, dövlət büdcəsi xərclərində isə 52,4 faiz olmaqla ən yüksək artım qeydə alınıb. Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 44 faiz, dövlət büdcəsi xərclərində isə 41 faiz olmaqla yüksək artım qeydə alınıb. Azərbaycan, Türkiyə və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib.

Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalar cəlb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: