Cari ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 33,4 milyon ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 3,6 milyon ABŞ dolları ixracın, 29,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 38,5 faiz, idxal isə 20,2 faiz artıb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, travertin, alçıpan, məsaməli beton, elektrik enerjisi, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, meyvə şirələri, buğda kəpəyi, salfetka və mineral sular yer alıb. Həmin məhsullar Amerika Birləşmiş Ştatları, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, İsrail, Yəmən, Suriya, İraq və Ukraynaya ixrac olunub.
