İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 79 min 921 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
ƏMDX-dən NUHÇIXAN-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 14 min 256-sı (17,8 faiz) ilkin, 65 min 665-i (82,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Yanvar-mart ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 17 min 29, mənzil – 19 min 63, torpaq sahəsi – 40 min 894, qeyri-yaşayış binası – 753, qeyri-yaşayış sahəsi – 2029, əmlak kompleksi – 125 və çoxmərtəbəli yaşayış binaları üzərində – 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 min 540-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-mart ayları ərzində 56 min 272 texniki pasport tərtib edilib, 13 min 548 ipoteka müqaviləsi qeydiyyata alınıb.
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən göstərilən ümumi xidmətlər üzrə cari ilin birinci rübü ərzində 800 minədək müraciət olunub, bunun 450 minə yaxını elektron xidmətlər təşkil edib.
