Dünya bazarı 1 aydan sonra hasilat problemi yaşayacaq

A- A A+

Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının baş tutmaması, Hörmüz boğazına yaxınlaşan İrana məxsus gəmilərin ABŞ tərəfindən həbs edilməsi və İran ordusunun Körfəzdəki gəmiləri atəşə tutması dünya bazarında neftin bahalaşmasına və qiymətin 100 dollar həddini keçməsinə səbəb oldu.

NUHÇIXAN xəbər verir ki, ABŞ-nin “George H.W. Bush” təyyarədaşıyan hərbi gəmisinin Körfəz istiqamətində üzməsi hərbi əməliyyatların yenidən alovlanacağı ehtimalını yaradır.

“The Wall Street Journal” yazır ki, D.Tramp hərbi əməliyyatların yenidən başlamasına can atmır, lakin bu ssenari güdəlikdən çıxmayıb və hər an reallaşdırıla bilər. Siyasi müşahidəçilər hesab edir ki, Körfəzə hərbi gəmi göndərməklə yanaşı, ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi bazalarında şəxsi heyətin sayını artırması və İran limanlarını blokadada saxlaması ilə Tehrana təzyiq edərək güzəştə getməsini istəyir. Lakin İran, ilk növbədə, blokadanın aradan qaldırılmasını tələb edərək bu vəziyyətdə danışıqlara getmək istəmədiyini, danışıqlar prosesində nüvə proqramı ilə əlaqədar ABŞ-nin tələbini qəbul etməyəcəyini bəyan edib. Vəziyyətin bu qədər çətin mərhələyə qədəm qoyması boğazın yaxın vaxtlarda açılmayacağını göstərir ki, bu da bazarda neftin qiymətinin azalmasını nəinki dayandırır, əksinə daha da artmasına səbəb olur.

Aprelin 22-də London birjasında 98,87 dolara satılan “Brent” markalı neftin 1 barelinin qiyməti bu gün 103,18 dollara satılır. Nyu-Yorkun birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,3 dollar artaraq 94,26 dollar təşkil edib.

Tərkibinə görə təmiz neft hesab edilən Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,22 dollar və ya 2 faiz artaraq 113,11 dollar olub.

Bahalaşmanın nə vaxta kimi davam edəcəyini zaman göstərəcək. Lakin bəzi analitiklər hesab edir ki, Hörmüzün bağlı qalması dünya bazarında yalnız neft kəsiri yaratmır, həm də hasilatın azalmasına səbəb olur. Bu gün təchizat problemi yaşayan dünya bazarı, 1 aydan sonra hasilat problemi yaşayacaq ki, bu da qiymətlərin artması ilə müşahidə ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: