Bu gün dünya enerji bazarında neft növbəti dəfə bahalaşaraq 110 dollara yaxınlaşıb. Artım ilə əlaqədar olaraq Avropa və ABŞ-də benzinin və digər neft məhsullarının qiymətində də artım müşahidə edilir.
NUHÇIXAN xəbər verir ki, bu gün səhər London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2,75 faiz artaraq 109,52, Nyu-York birjasında WTI markalı neftin 1 barelinin qiyməti 2,1 faiz artaraq 97.52 dollara çatıb. Azərbaycanın “Azeri Light” markalı neftin 1 bareli isə 113,85 dollara satılır.
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmaq üçün irəli sürdüyü təklifi qəbul etməyib.
“The New York Times” qəzetinin analitik məqaləsində deyilir ki, ABŞ Prezidenti İranın heç bir təklifini qəbul etməyəcək, çünki onun əsas məqsədi İranın nüvə proqramını tamamilə ləğv etməkdən ibarətdir ki, bunu da rəsmi Tehran qətiyyən qəbul etmək istəmir.
Bütün bunlar boğazın açılması cəhdlərinin iflasa uğramasına səbəb olub ki, bu da treyderlər üçün qiyməti artırmaq üçün fürsət yaradıb. Hazırda İran Hörmüz boğazını, ABŞ isə Körfəzə giriş və çıxışı blokadada saxlayır. Bu vəziyyət İranın özündə benzin qıtlığı yaradıb. ABŞ bombardmanları nəticəsində neft ayırma zavodları dağılıb və əhalinin benzinə olan tələbatı tam ödənilmir ki, bu da yanacaqdoldurma məntəqələrində uzun növbələr yaradıb.
ABŞ ilə İran arasında davam edən ixtilafdan ən çox zərər çəkən Avropa dövlətləridir. ABŞ-də yanacağın qiymətləri artsa da özünün neft və qaz ehtiyatları var. İran dünya bazarına neft çıxara bilməsə də hasil etdiyi təbii qaz ilə ölkənin yanacaq tələbatını hələ ki ödəyə bilir. Avropa isə Rusiya qazından və neftindən Ukrayna müharibəsinə görə imtina etdiyinə, Yaxın Şərqdən də təchizatın dayandığına görə ağır iqtisadi vəziyyətə düşüb. Yanacaq böhranı Avropanın maliyyə resurslarını azaldır.
