2050-ci ilə qədər qlobal miqyasda atom enerjisi qurğularının gücünün 2024-cü illə müqayisədə 2,6 dəfə artacağı proqnozlaşdırılır.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu yeni gücün 24 faizinin kiçik modullu reaktorlar sayəsində formalaşacağı gözlənilir.
Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) görə, qlobal enerji təchizatının təhlükəsizliyi və iqlim hədəflərinə təzyiqlər artdıqca, atom enerjisi enerji və iqlim problemləri ilə üzləşən ölkələr üçün həll yolunun vacib bir hissəsinə çevrilir. Yeni nəsil nüvə reaktorları sektorda 70 illik əməliyyat təcrübəsindən istifadə edilməklə hazırlanır. Yeni dizaynlar keçmişdəki qəzalardan əldə edilən dərslər və təhlükəsizlik standartlarını gücləndirən davamlı təkmilləşdirmə prosesi ilə formalaşır. Bəzi innovativ konsepsiyaların növbəti 10-20 il ərzində istismara verilməsi planlaşdırılır.
Hazırda bir çox ölkə kiçik modullu reaktor texnologiyalarını atom enerjisi planlarına daxil ediblər və inkişafları yaxından izləyirlər. Ümumilikdə 300 meqavata qədər elektrik enerjisi istehsal edə bilən bu reaktorlar kiçik şəbəkələrə xidmət göstərmək, ənənəvi enerji mənbələri üzrə elektrik stansiyalarını əvəz etmək, ucqar və ya təcrid olunmuş bölgələrə enerji təmin etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, 1950-ci illərdə tikilməyə başlanan atom elektrik stansiyaları qlobal elektrik enerjisi istehsalının təxminən 10 faizini təmin edir. Hazırda 30-dan çox ölkədə 415 nüvə reaktoru fəaliyyət göstərir. Əsasən Çin, Hindistan və Rusiya olmaqla 16 ölkədə 72 nüvə reaktorunun tikintisi davam edir.
