2025-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal xam neft ixracındakı payı 44,6 faizə yüksəlib.
NUHÇIXAN təşkilatın illik hesabatına istinadla xəbər verir ki, ötən il OPEC-ə üzv ölkələrin neft ixracı əvvəlki illə müqayisədə 846 min barel artaraq sutkada 19 milyon 854 min barel təşkil edib. Kartel üzvləri 2024-cü ildə gündəlik 19 milyon 8 min barel xam neft ixrac etmişdi. Beləliklə, 2024-cü ildə OPEC-in 43,9 faiz olan qlobal ixracındakı payı ötən il 44,6 faizə çatıb. OPEC üzvü olan ölkələr ötən il ən çox Asiya regionuna neft ixrac ediblər ki, bu həcm gündəlik təxminən 14 milyon 790 min barel olub.
Hesabata görə, 2025-ci ildə OPEC-ə üzv ölkələrdə neft tələbatı əvvəlki ilə nisbətən 171 min barel artaraq gündəlik 9 milyon 342 min barel olub. OPEC üzvü olan ölkələrin sübut edilmiş xam neft ehtiyatları ötən ilin sonuna 2 milyard 191 milyon barel artaraq ümumilikdə 1 trilyon 243 milyard 485 milyon barelə yüksəlib.
