2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
NUHÇIXAN bp-nin 2026-cı ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təxminən 47 milyon barel neft və kondensat (10,1 faiz azalma) ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) “Şahdəniz” qazı (1,5 faiz çox) göndərilib.
2026-cı ilin birinci rübü ərzində Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi çərçivəsində terminal ərazisinin həm daxilində, həm də ondan kənarda aparılan tikinti işləri əhəmiyyətli dərəcədə irəliləyib.
Terminal ərazisindən kənarda yerləşən yeni “AzərEnerji” yarımstansiyasının tikintisi əsasən tamamlanıb, hava xətlərinin quraşdırılması işləri isə tam başa çatıb. Terminal ərazisində də tikinti işləri plana uyğun davam edib. Layihənin 2027-ci ildə işə salınması istiqamətində mühüm mərhələ sinxron kondensatorun təchizatıdır ki, bu avadanlığın ilk modulu artıq sahəyə çatdırılıb.
Hazırda layihə əsas tikinti və quraşdırma mərhələsindədir və 2026-cı ilin üçüncü rübünə nəzərdə tutulmuş istismar sınaqları istiqamətində əminliklə irəliləyir.
Layihə üzrə tikinti işlərinin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək başa çatacağı nəzərdə tutulur.
230 milyon dollar dəyərində olan bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə Günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” Günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
