Dünya bazarında mis qiymətləri Yaxın Şərqdə münaqişə fonunda qlobal təklifin azalması səbəbindən rekord həddə yaxınlaşır.
NUHÇIXAN xəbər verir ki, qlobal miqyasda artan təchizat riskləri nəticəsində misin bir tonunun qiyməti 14 min dollardan yuxarı qalxıb. London Metal Birjasında (LME) misin bir tonunun qiyməti ardıcıl 8-ci ticarət günündə də bahalaşaraq 14 min 196 dollara çatıb. Bu səviyyə yanvar ayında müşahidə olunan tarixi rekord olan 14 min 527 dollara çox yaxındır.
Qlobal miqyasda misə olan tələbat, xüsusən də Çində artan istehlak səbəbindən davamlı olaraq yüksəlir. Dünyanın ən böyük istehlakçısı olan Çində elektrik şəbəkələri, bərpaolunan enerji mənbələrinə investisiyalar və süni intellekt sektoru mis tələbatını dəstəkləyir.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. İlin əvvəlində mis qiymətləri rekord həddə çatıb. Ötən ilin noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzində isə 42 faizədək bahalaşıb.
Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.
