Azərbaycanda "Yaşıl dəhliz" buraxılış sisteminin istifadəyə verildiyi 2,5 ay ərzində sistemdən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri artıq müsbət cavablandırılıb.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən NUHÇIXAN-a bildirilib ki, 2018-ci ilin dekabrın 21-də Prezident İlham Əliyev "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinə dair Fərman imzalayıb. Fərmana əsasən, gömrük və vergi orqanları ilə münasibətdə, ümumilikdə maliyyə-uçot sistemində ciddi nöqsanları olmayan xarici ticarət iştirakçıları bu sistemdən istifadə edərək gömrük orqanları və ya əməkdaşları ilə təmasda olmadan, mallarını və nəqliyyat vasitələrini gömrük-keçid məntəqələrindən prioritet qaydada gözləmədən və gömrük nəzarətinin hər hansı növü tətbiq edilmədən anbarlarına apararaq müstəqil şəkildə boşalda və ya gömrük təminatlarını nəqliyyat vasitələrinə vuraraq birbaşa ixraca göndərə bilərlər. Qeyd edək ki, bu zaman həmin şəxslər gömrük əməkdaşı ilə təmasda olmur və bütün gömrük əməliyyatları internetə çıxış imkanı olan istənilən məkandan elektron qaydada həyata keçirilir.
Dövlət Gömrük Komitəsi sözügedən fərmanın icrası ilə bağlı xüsusi komissiya yaradaraq sistemin tətbiq mexanizmlərini hazırlayıb və cari ilin fevral ayının 1-dən etibarən sistemin tətbiqi uğurlu şəkildə həyata keçirilib. İki ay yarım ərzində sistemdən istifadə etmək üçün komitəyə 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri artıq müsbət cavablandırılıb. Regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir və Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti, təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.
Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, "Yaşıl dəhliz" sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür. Bəzi internet xəbər portalları "sahibkarlardan daxil olan müraciətlər"ə əsaslanaraq "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya Dövlət Gömrük Komitəsinin subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən "ayrı-seçkiliyə" yol verdiyi irəli sürülür.
Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol veilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar. http://customs.gov.az/az/faydali/innovativ-layiheler/green-corridor/
Sistemdən istifadə edənlərin sayı 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb.
O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər İKT sahəsində yüksək bilik və bacarıqlara malik olmalı və ya bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. XXI əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və ya bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, "Yaşıl dəhliz" buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.
Yazıda "Belə ki, "Yaşıl dəhliz"dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən "Yaşıl dəhliz" istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır" cümlələri isə gülünc və xüsusilə diqqətçəkəndir. Bu cümlələri yazan "sahibkar" və onu dərc edən media orqanı düşünür ki, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Bu təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.
Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.
Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə Dövlət Gömrük Komitəsinə hər hansı müraciət daxil olmayıb.