İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 115 min 613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
ƏMDX-dən NUHÇIXAN-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 21 min 584-ü (18,7 faiz) ilkin, 94 min 29-u (81,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24 min 821, mənzil – 28 min 300, torpaq sahəsi – 58 min 93, qeyri-yaşayış binası – 1072, qeyri-yaşayış sahəsi – 3096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31 min 544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Hesabat dövründə 80 min 383 texniki pasport tərtib edilib, 19 min 566 ipoteka müqaviləsi qeydiyyata alınıb.
